SOCAR-da akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi qeyd edilib

SOCAR-da akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi qeyd edilib

Sentyabrın 28-də SOCAR-ın baş ofisində görkəmli neftçi-alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi qeyd olunub. SİA xəbər verir ki, tədbirdə SOCAR-ın rəhbərliyi, akademiklər, neftçi-alimlər, mərhum akademik Azad Mirzəcanzadənin iş yoldaşları və tələbələri iştirak edib.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib: “Akademik Azad Mirzəcanzadənin neft-qaz elminin inkişafında xüsusi xidmətləri var, neft mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olub və onun fundamental elmi görüşləri ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Elmlə istehsalatın vəhdətini yaratmağa nail olmuş akademik Azad Mirzəcanzadənin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir. Azad Mirzəcanzadənin Azərbaycanda, keçmiş sovet məkanında və dünyada neft elminin inkişaf etdirilməsində misilsiz xidmətləri var, onun elmi irsi zəngin kəşflər və ixtiralar xəzinəsidir. Bu xəzinədə alimin Azərbaycanda, keçmiş SSRİ-də və xarici ölkələrdə dərc olunmuş 500-dən çox elmi məqaləsi, 80 monoqrafiyası, 50 ixtirası, bir sıra orijinal elmi fikir və ideyaları cəmlənib”.

SOCAR-ın baş ofisinin elm və texnika şöbəsinin rəisi, texnika elmləri üzrə fəlsəfə doktoru Nazim Vəliyev bildirib ki, akademik Azad Mirzəcanzadənin elmi kadrların və yüksək ixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında rolu əvəzedilməzdir: "Azad müəllimin elmi məktəbinin davamçıları nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərə və istehsalat müəssisələrinə rəhbərlik edirlər. Azad Mirzəcanzadənin hərtərəfli pedaqoq olmasının bəhrəsi kimi cavan mütəxəssislərin və gənc alimlərin elmə və texnikanın incəliklərinə dərindən bələd olmaqları naminə, onların gələcəkdə şəxsiyyət kimi formalaşmasında "İxtisasa giriş" kitabı və son illərdə cəmiyyətdə xüsusi rezonans yaradan “XXI əsrə yol” kitabı bu istiqamətdə yazılmış fundamental əsərlər silsiləsindəndir”.

Digər çıxış edənlər Azad Mirzəcanzadənin həyat yolu, neft elminin inkişafına verdiyi töhfələrdən söhbət açıb, akademiklə bağlı xatirələrini bölüşüblər.

Tədbir Azad Mirzəcanzadəyə həsr olunmuş filmin nümayişi ilə sona çatıb.

Xatırladaq ki, Azad Xəlil oğlu Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakıda anadan olub, 15 yaşında orta məktəbi bitirib. 23 yaşında namizədlik, 29 yaşında isə doktorluq dissertasiyasını müdafiə edib. 1962-ci ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib. Bir çox fəxri mükafatlara, medallara, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb. Neft-qaz yataqlarının mexanikası, texnikası, texnologiyası və işlənməsi sahəsində fundamental elmin və bu sahədə mütəxəssislər hazırlanmasının əsasını qoymuş akademik A.Mirzəcanzadənin elmi rəhbərliyi ilə dənizdə və qurudakı yataqlardan mürəkkəb geoloji və geofiziki şəraitdə neft və qaz çıxarılmasının və nəql edilməsinin metodları işlənib hazırlanıb. Eyni zamanda, sinergetik prinsiplər əsasında neft yataqlarının işlənməsi və boru kəməri nəqlinin sistemli təhlili üzrə elmi işlərin nəticələri Azərbaycanla yanaşı, - Tümen, Tatarıstan, Başqırdıstan və Qazaxıstanda tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə