“Artıq daşınmaz əmlak bazarına dayanıqlı və gəlirli biznes sahəsi kimi baxanların sayı azalıb”
2010-cu ilin sentyabr ayı ərzində təkrar mənzil bazar üzrə bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə azalma qeydə alınıb (-0.9%). "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı ötən aya nisbətən artıb. Təklifin nisbi artımı mənzillərin qiymət dinamikasının azalmasının qarşısını almayıb. Araşdırmalar göstərir ki, ümumi təklif portfelində yeni tikililərinin payının (60.4%) artımı davam edir, amma bu tendensiya tədricən nisbi xarakter daşımağa başlayıb. Bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi mənfi təsirlər nəticəsində yeni tikililərin reablitasiya və dövriyyə imkanları xeyli məhdudlaşıb.
Bazarda təklifin (0.4%) artmasına baxmayaraq, orta qiymət 0.6% azalaraq ötən ay qeydə alınmış 1100 $/kv.m-dən 1093 $/kv.m-ə enib. Sentyabrda heç bir rayonda qiymət artımı qeydə alınmayıb. Ən çox qiymət azalması isə Nərimanov rayonunda (-0.9 %) baş verib. Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1093 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 57,4%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.56, hər otağın orta satış qiyməti 43196 ABŞ dolları, mənzilin orta qiyməti isə 115765 ABŞ dolları təşkil edib.
Ümumilikdə araşdırmalar göstərir ki, ipoteka kreditləri hesabına hazırda ən aktiv seqment təkrar mənzil bazarı olsa da, qiymət dinamikası, xüsusilə azalma daha çox bu seqmentdə qeydə alınır. İpoteka kreditləşməsinin təsiri nəticəsində əmlakın bu növü üzrə likvid dəyər qismən sabit qalsa da, risk dərəcəsi hələ də yüksəkdir. Artıq daşınmaz əmlak bazarına dayanıqlı və gəlirli biznes sahəsi kimi baxanların sayı da xeyli məhdudlaşıbdır.
Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksi qiymətə müvafiq olaraq azalıb (0.6%). Təkrar bazarda dinamikaya təsir göstərən amillərin çox olmasına baxmayaraq əmlakın bu növü üzrə qiymət azalması ilkin bazardan daha dinamik müşahidə olunur. Ekspertlər bu amili ilkin bazarda qiymətlərin sahibkarların nəzarətində olması, eyni zamanda təkrar bazar üzrə qiymətlərin əmlakın real dəyərindən hələ də baha olması ilə əlaqələndirirlər. Eyni zamanda araşdırmalar göstərir ki, təkrar bazar üzrə təklifə çıxarılan mənzillərin əksəriyyəti mənzil mülkiyyətçilərinin müəyyən ehtiyaclarını qarşılamaq məqsədi daşıyır ki, burada ekspozisiya müddətinin artımı mənzilin qiymətinə mənfi mənada kəskin təsir göstərir.
Sentyabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ay olduğu kimi Xətai, Yasamal, Binəqədi və Nərimanov rayonları olub. Bu rayonların ən vacib cəhəti ipoteka üçün daha səmərəli olmalarıdır və araşdırmalar göstərir ki, bazarda qiymətlər azaldıqca bu tendensiya tədricən dərinləşir. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi bu 4 rayonun üzərinə düşür. Bu, həmin rayonlarda əmlak qiymətlərinin ipotekanın normativ tələblərinə uyğunluğu və bu rayonların daha əlverişli olması ilə bağlıdır. Sentyabr ayında təkrar mənzil bazarında qiymət indeksi 1.0 bənd azalaraq 202.4 bənd səviyyəsində qərarlaşıb.
Aparılan araşdırmalara əsasən sentyabrda təklif 0.4% artmış və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 6810-u ötüb. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edir və bu 4 rayonun ümumi payı birlikdə 80,1%-ə bərabərdir. Təklif portfelinin strukturunun uzun müddətdir ki, bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə bağlıdır.
Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır. Sentyabr ayında otaqlar üzrə vəziyyət avqust ayındakı kimi olmuş, 3, 4 və 5 otaqlı mənzillərin sayında azalma qeydə alınıb. Təklif üzrə ən çox azalma 4 otaqlılarda qeydə alınıb (1,3%). 1 və 2 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb (0.2%). Yeni tikililərin satışında yaranan problemlərdən sonra tikinti şirkətlərinin bir çoxu mənzillərini satmaq məqsədilə böyük kvadratlı (4 və 5 otaqlılar üzrə) mənzilləri 2 və 1 otaqlı mənzillərə bölməklə marketinq və satış siyasətlərində yeniliklər etməyə çalışırlar. Bu səbəbdən də tədricən təkrar bazara daxil olan yeni tikililərin hesabına yenidən 2 otaqlı mənzillər say baxımından ümumi portfeldə 3 otaqlı mənzillərə yaxınlaşmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB