Mingəçevirdə sahibkarlar üçün tədbir keçirilib

Mingəçevirdə sahibkarlar üçün tədbir keçirilib

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda növbəti tədbir bu gün Mingəçevir şəhərində keçirilib. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri, həmçinin 100-dən çox sahibkar iştirak edib.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Rəşad Dayıyev çıxış edərək dövlət başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlarda müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin və iş yerlərinin yaradıldığını qeyd ediblər.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onların zəruri nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rauf Rzayev "Biznesdə risklərin idarə edilməsi və biznesin sığortalanması", Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov isə "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılan www.b2b.az elektron ticarət portalı barədə sahibkarlara ətraflı məlumat verilib, onlara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı "Sahibkarlar üçün: sığorta haqqında zəruri biliklər" məlumat kitabçası və digər metodiki vəsaitlər paylanmış, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə