Naxçıvanda kartlar vasitəsilə nağdsız ödənişlərin həcmi 28 milyon manatı ötüb

Naxçıvanda kartlar vasitəsilə nağdsız ödənişlərin həcmi 28 milyon manatı ötüb

Naxçıvan Muxtar Respublikasında artıq ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin səkkizinci tirajının qalibləri müəyyənləşib. Bu il iyulun 1-dən dekabrın 1-dək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri qiymətli həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən muxtar respublika vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da nazirliyə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsinin tapşırıldığını bildirib. Ötən müddətdə bu məsələ diqqət mərkəzində saxlanılıb.

Vurğulanıb ki, muxtar respublika üzrə 2017-ci ilin 11 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 28 milyon 58 min 488 manata çatdırılıb. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin səkkizinci tirajında isə 244 nəfər muxtar respublika sakininə nağdsız ödəniş sahəsində fəallıqlarına görə, ümumilikdə, 15 min manat dəyərində hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin nümayəndəsi Hafiz İsmayılbəyli bildirib ki, muxtar respublikada nağdsız ödənişlərin həcminin artmasında yaradılmış infrastruktur imkanlarının mühüm əhəmiyyəti var. Belə ki, ötən dövrdə nağdsız ödəniş infrastrukturunun tərkib hissələrindən olan POS-terminalların sayı 1260-a, ödəniş kartı alanların sayı isə 260 min 749 ədədə çatıb.

Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev çıxışında qeyd edib ki, həvəsləndirici tədbirin keçirilməsi üçün bank və vergi orqanları əməkdaşlarının iştirakı ilə yaradılan komissiya tərəfindən müəyyən olunan şəxslər etdikləri nağdsız ödənişlərin həcminə əsasən 3 meyar əsasında mükafatlandırılırlar.

Qeyd edək ki, Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Kəngərli və Sədərək rayonlarında daha çox nağdsız ödənişlər edən sakinlərə həvəsləndirici hədiyyələr təqdim olunub. Həmin tədbirlər Culfa, Ordubad və Şahbuz rayonlarında da keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə