Qaxda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib

Qaxda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini oktyabrın 1-də Qax rayonunda keçirib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib. Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına Qax rayonunda mineral sular istehsalı ilə məşğul olan "Kapital-N" firmasının fəaliyyətinə və Şəkidə sahibkar Rafiq Rəhimovun inşa etdirdiyi mehmanxana kompleksində aparılan tikinti işlərinə baxış keçirilib.

Sonra Qax şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb. Tədbiri Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açıb.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev çıxış edərək dövlət başçısının uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulayıblar.

Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Vidadi Baxışov sahibkarların maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin öyrədilməsi, həmçinin sahibkarlara tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi sahəsində Mərkəzin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib.

Tədbir çərçivəsində həmçinin, sahibkarlar üçün treninq keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin (biznes-planların) hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Qax və ətraf rayonlarda fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 337 min manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 57 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini digər rayonlarda da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə