“Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi
Avropa İttifaqı və Dünya Bankı tərəfindən təqdim olunan hesabatlar nəzərə alınmaqla, büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin yarımillik monitoriq və qiymətləndirilməsini əks etdirən rəqəmlər ictimailəşdirilib. Səs İnformasiya Agentliyi xəbər verir ki, təqdim edilən sxemdə bütün sahələr üzrə ümumi nəticə və hədəflər əks etdirilib və ayrı-ayrılıqda göstərilən rəqəmlərdən də aydın olur ki, hesabatın nəticələri özündə bir sıra uğurları ehtiva etməkdədir. Belə ki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanıb, 59 faizinin icrası üzrə işlərə başlanılıb. Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib və razılaşdırılıb, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilib, o cümlədən, proqnoz göstəriciləri hazırlanıb. Avropa İttifaqı və Dünya Bankı tərəfindən təqdim olunan hesabatlar nəzərə alınmaqla, Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb. Makroiqtisadi koordinasiya təmin edilib, məzənnə rejiminin çevikliyi artırılıb.
Görülmüş işlər barədə verilən məlumata görə, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilib, tədbirlərin 6 faizinin icrası tamamlanıb, 45 faizinin icrası üzrə işlərə başlanılıb. Beləliklə, Azərbaycan Respublikasında logistika və ticarətin inkişafı istiqamətində bir sıra işlər görülüb. Misal üçün, Ələt Azad Ticarət Zonasının yaradılması ilə əlaqədar bir sıra investorların cəlb edilməsi istiqamətində işlər görülüb, ilkin olaraq Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti ilə danışıqlar aparılıb. Eyni zamanda logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi istiqamətində avtomobil yollarının və bu yollardakı körpülərin, qurğuların və suötürücü boruların ağır yüklərə qarşı etibarlığının və prioritet marşrutlarda yük hədlərinin artırılması məqsədilə reabilitasiya layihələrinin hazırlanması üçün müvafiq norma və standartlar hazırlanıb.
Azərbaycanda yükdaşıma və yükaşırma xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində limanın avadanlıqlarla təminatı məqsədilə 6 portal kranın sifarişi verilib, limanın tikintisinin ilkin baş planı üzrə ekspertlərlə birgə optimallaşdırma aparılıb və layihəyə dəyişiklik edilərək yükaşırma potensialı 10 milyon ton və 50 min TEU-dan 15 milyon ton və 100 min TEU-ya çatdırılın.
Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə təhlillərin aparılması yükgöndərən (yükalan) və nəqliyyat operatorları (ekspeditorlar) ilə dəmir yolu arasında operativ və çevik əlaqələrin yaradılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 8.3 km uzunluğunda "Astara Azərbaycan-Astara İran" yeni dəmir yolu xəttinin və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikinti işləri başa çatdırılıb. O cümlədən, dəmir yolu körpüsündən İran ərazisində tikiləcək dəmiryol stansiyasına və yük terminalına qədər (İran İslam Respublikasının ərazisində) 1,4 km-lik hissənin 500 p.m dəmir yolu xətti çəkilib.
Həmçinin, Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının ərazisinin daxil olduğu azad ticarət zonasının hüquqi rejiminin hazırlanması üzrə cəlb olunmuş beynəlxalq məsləhətçi şirkət tərəfindən “Azad zonalar haqqında” Azərbaycan Respublikası qanununun ilkin versiyası hazırlanaraq hökumətə təqdim edilib. Logistika sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Azərbaycan Texnologiya Universiteti arasında cari ilin aprel ayında kadr hazırlığı üzrə memorandum imzalanıb və Cəmiyyət tərəfindən Universitetdə logistika laboratoriyası yaradılaraq tələbələlərin istifadəsinə verilib.
Əsas problemlər: Beynəlxalq ticarətdə logistika sahəsi üzrə Azərbaycanın hədəflərinin müəyyən edilməsi istiqamətində işlər sürətlə və əlaqələndirilmiş şəkildə aparılmır.
Tövsiyələr: 1.1.1-ci tədbir üzrə Strateji Yol Xəritəsində müəyyən edildiyi qaydada aidiyyəti qurum tərəfindən sektorial hədəflər təyin edilərək idxal-ixrac əməliyyatları üzrə proqnozlaşdırma aparıla, müvafiq qurumların imkan və resursları təhlil oluna, logistika və ticarət sahəsi üzrə Azərbaycanın xüsusi hədəfləri və əsas icra göstəriciləri müəyyən edilə bilər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB