“2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi plenar iclasa tövsiyə edilib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə Hesablama Palatasının "2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatı daxil edilib. İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat və sənaye, vergilər, eləcə də digər nazirliklərin nümayəndələri iştirak edib.
İclasda ilk çıxış edən komitənin sədri Ziyad Səmədzadə bildirib ki, 2016-cı il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb: "Dünyada ölkələr arasında toqquşmalar, ziddiyətlərin artmasına baxmayaraq, ölkəmiz stabillik nümayiş etdirir. Bunun nəticəsidir ki, dünyada gərginliyə baxmayaraq, Azərbaycan iqtisadiyyyatı öz inkişafını davam etdirir".
Z. Səmədzadə qeyd edib ki, "2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabat Milli Məclisə vaxtında təqdim edilib və komitə üzvləri sənədlə yaxından tanış olublar.
İclasda çıxış edən maliyyə nazirinin müavini A.Bayramov bildirib ki, hesabat ilində fiskal yığcamlaşdırma siyasətinə paralel olaraq əsas sosial vəzifələrin, o cümlədən aztəminatlı ailələrin ünvanlı sosial yardımının gücləndirilməsi, sosial sahələrdə infrastrukturun gücləndirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluq səviyyəsinin artırılması, müdafiə tədbirlərinin və dövlət borcu xidməti xərclərinin stabil maliyyəşməsi kimi zəruri öhdəliklər maliyyə təminatı əsasında nail olunub, bəzi dövlət müəssisələrinin kreditor borclarının tənzimlənməsində köməklik göstərilib.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı rəhbərlik etdiyi qurumun rəyi barədə məlumat verib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova da ötən il ölkəmizdə sahibkarların fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edib.
Müzakirələrə qatılan deputatlar qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər.
Sonda "2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasına tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB