Martın 3-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. SİA-nın verdiyi məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkələrimiz arasında əlaqələrdən məmnunluqla söhbət açıb, əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.
Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.
A.Əliyev eyni zamanda, turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb. Son bir il ərzində bir sıra ölkələrin, o cümlədən Körfəz ölkələrinin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş vizanın tətbiqi ilə Azərbaycana səyahət edən turistlərin sayının əhəmiyyətli dərəcədə artdığı da məmnunluqla qeyd edilib.Ölkəmizə səyahət edən turistlərin daha rahat giriş-çıxışını təmin etmək üçün mövcud gömrük qaydaları barədə dəqonaqlara ətraflı məlumat verilib.
Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ölkəmizdə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. Azərbaycanı və Körfəz ölkələrini ümumi maraqların birləşdirdiyini vurğulayan səfir Küveyt Dövlətinin Azərbaycanla münasibətləri bütün sahələrdə, eləcə də gömrük xidməti sahəsində genişləndirməkdə maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin Azərbaycan-Küveyt əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB