34 ölkədən 313 şirkət Azərbaycanda bir araya gələcək

34 ölkədən 313 şirkət Azərbaycanda bir araya gələcək

XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi, X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşlaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, "İteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov, "WorldFood Azerbaijan" sərgisinin meneceri Zarina Məmmədova və digərləri iştirak ediblər.

Nazir müavini İ.Quliyev sərgilər haqqında ətraflı məlumat verib və bu mötəbər tədbirin Azərbaycan üçün əhəmiyyətindən danışıb.

Konfransda qeyd olunub ki, XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan" və X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2016" sərgiləri mayın 19-21-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Ötən illər ərzində hər 2 sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olub.

Uzun illərdir ki, Kənd Təsərrüfatı Nazirliyi "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərinə yaxından dəstək göstərir. Sərgilər, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfində də dəstəklənir. Tədbirlərin təşkilatçısı qismində "İteca Caspian" və "CEO" ("Caspian Event Organisers") şirkətləri çıxış edirlər.

Bu il "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərində dünyanın 34 ölkəsini təmsil edən 313 şirkət iştirak edəcək. Bu ölkələr arasında Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, BƏƏ, Rusiya, Çexiya və digər ölkələr var.

Bütün xəbərlər Facebook səhifəmizdə