“Prezidentin fərmanı banklarla bağlı narahatçılığı aradan qaldıracaq” AÇIQLAMA

“Prezidentin fərmanı banklarla bağlı narahatçılığı aradan qaldıracaq” AÇIQLAMA

Ölkə başçısı tərəfindən imzalanan son fərmanlar həm bank sektoruna inamın formalaşdırılması, həm vətəndaşların əmanətləri ilə bağlı narahatçılığın tamam aradan qaldırılması, həm də ölkənin qeyri-neft məhsullarının ixrac qabiliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətli və kifayət qədər pozitiv, radikal fərmanlar kimi qiymətləndirilməlidir. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, Ölkə Başçısı tərəfindən xüsusilə də "Əmanətlərin tam sığortalanması" haqqında imzalanan Fərman vacib olmaqla yanaşı, insanların banklara olan inamının artırılması, vətəndaşların vəsaitlərini risksiz olaraq banklarda saxlanmasına imkan verəcək: "Azərbaycan əmanətləri tam sığortalayan az sayda ölkələrdən biridir. Əvvəllər vəsaitlərin banklarda saxlanması üçün müəyyən narahatçılıq var idi. Xüsusilə də son dövrlər banklardan çıxarılan əmanətlərin sayı kəskin şəkildə artmışdı. Sözügedən fərman bu prosesin qarşısının alınmasına ciddi şəkildə yardım edəcək. Bu radikal dəyişiklik birmənalı şəkildə vətəndaşların bu prosesdən faydalanmasına, eyni zamanda evlərdə yatan pulların banklara cəlb olunmasına imkan verəcək".

İqtisadçının sözlərinə görə, Dövlət Başçısının əmanətlərin 3 il müddətinə vergidən azad edilməsi ilə bağlı digər Fərmanı isə əmanətləri vergidən azad etməklə yanaşı, vətəndaşların vəsaitlərinə qənaət etmək şəraiti yaradacaq: "Bu addım vətəndaşlara il ərzində 80 milyona yaxın vəsaiti qənaət etmək imkanı yaradacaq ki, bu da 3 il ərzində təxminən 240 milyona yaxın vəsaitin dövlət tərəfindən vətəndaşlara bağışlanması deməkdir. 32 il müddətində vətəndaşlar öz gəlirindən hər hansı vergi ödəməyəcək. Prezident İlham Əliyevin digər fərmanı ilə ixracata subsidiya tətbiq edildi. Bu da qeyri-neft sektorunun ixrac qabiliyyətinin gücləndirilməsi, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi baxımından vacibdir. Bu addım sahibkarların mal ixracı zamanı dövlət büdcəsindən yardım almasına imkan yaradacaq. Söhbət əvəzsiz subsidiyalardan gedir. Vətəndaşlar əvəzsiz olaraq, büdcədən subsidiya almaq imkanı qazanacaq ki, bu da onlara xərclərinin bir hissəsinin kompensasiya etməsinə, ölkəmizin qeyri-neft sektorunun ixrac qabiliyyətinin artmasına imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə