Azad iqtisadi zonaların yaradılması ölkəmizə nə vəd edir?

Fikrət Yusifov: "Artıq sözdən işə keçməyin vaxtı çatıb"
Azad iqtisadi zonaların yaradılması ölkəmizə nə vəd edir?

"Azad iqtisadi zonalar dünya praktikasında artıq çoxdan sınaqdan çıxıb, beynəlxalq iqtisadi əlaqələrin ayrılmaz bir hissəsinə çevrilib. Təcrübə göstərir ki, belə zonalar beynəlxalq ticarət dövriyyəsinin artırılması, investitsiyaların cəlb edilməsi, bir sözlə iqtisadi proseslərin inteqasiyasının daha da dərinləşdirilməsi hesabına sürətli iqtisadi inkişafı çox yaxşı təmin edə bilirlər". Bu fikirləri SİA-ya açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.

İqtisadçı ekspert bildirib ki, azad iqtisadi zonalar bir qayda olaraq güzəştli gömrük, vergi, valyuta rejimləri əldə etməklə bu məqsəd üçün xüsusi olaraq ayrılmış ərazilərdə yaradılır: "Belə ərazilər üçün güzəştli gömrük, vergi və valyuta rejimləri müəyyən edilməkdə məqsəd ora daha çox xarici kapitalın cəlb edilməsi hesabına istehsal və ticarət üçün daha münbit şərait yaratmaqdan ibarətdir. Ölkə ərazisinin ayrı-ayrı yerlərində belə iqtisadi zonaların yaradılması nəticə etibarilə milli iqtisadiyyatın inkişafına əsaslı töhfələr verilməsi deməkdir. Hesab edirəm ki, bizdə də artıq sözdən işə keçməyin vaxtı çatıb. Azərbaycanın bir neçə bölgəsində belə zonaların yaradılması mümkündür. Bu həm də real sektorun inkişafı istiqamətində dövlətin müəyyən etdiyi siyasətin reallaşdırılması yolunda çox önəmli bir addım ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə