"Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) hazırda ciddi bir mərhələ yaşayır. Əvvəlki dövrlərdə də müşahidə etmişik ki, neftin qiymətinin yüksəlməsi o cümlədən də kəskin şəkildə ucuzlaşması mərhələsindən sonra OPEC problemlərlə üzləşir. Belə ki, OPEC ölkələri arasında adətən razılaşma əldə etmək xeyli çətinləşir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.
Ekspert 2014-cü ilə qədər olan dövrə nəzər salaraq qeyd edib ki, bu dövrə qədər dünya bazarında neftin qiymətində azalma müşahidə olunan zaman OPEC yığışıb qiymətlərlə əlaqədar müəyyən addımlar ata bilirdi: "Amma bu mərhələdə danışıqların mümkünsüz olduğunu görürük. Məsələ də çox aydındır. Neft bazarı artıq OPEC-in tam nəzarət edəcəyi bir mühit deyil. Əvvəllər bu bazar daha çox OPEC-in nəzarəti altında, onun gəlirlərindən asılı bir bazar idisə, indi bu mümkün deyil. ABŞ-da neft hasilatının bərpa olunması dünya neft bazarında bir rəqabət formalaşdırdı. Belə bir şəraitdə neftdən asılı olan ölkələr arasında rəqabət olduqca kəskin şəkildə özünü biruzə verməkdədir. Bilirik ki, OPEC-in söz sahibi Səudiyyə Ərəbistanıdır və bu ölkə neft hasilatını azaltmaqda maraqlı görünmür. İkinci əsas söz sahiblərindən olan İran da neft hasilatını artırmaqda maraqlıdır və heç bir halda hasilatını azaltmaq istəmir. Ona görə də belə bir vəziyyətdə bu ölkələr bir-birlərinə söz versələr belə, bir-birlərinə etibar etmirlər. Hətta dünya bazarında rəsmi şəkildə elan olunan qiymətlərdən fərqli olaraq real satışlar zamanı onlar müəyyən diskontlara gedirlər. Bu, bazar uğrunda mübarizədir. Görünən odur ki, proseslər belə davam edərsə, OPEC-in gələcəkdə mövcudluğu sual altında qala bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB