“Azneft” hasilatı artırır

Cari ilin yanvar-sentyabr aylarında SOCAR-ın "Azneft" İstehsalat Birliyi ölkənin yanacaq-enerji kompleksinin inkişafına mühüm töhfələr verib, neft və qaz hasilatının dinamik artımına nail olub. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, nəzərdə tutulmuş 5 milyon 93,5 min tona qarşı 5 milyon 162,5 min ton neft hasil edilərək proqnoza 101,5 faiz əməl edilib. Həmin dövrdə 4,3 milyard kubmetrə qarşı 4,6 milyard kubmetr qaz hasil edilmiş, Birlik üzrə proqnoz 107,9 faiz yerinə yetirilib. 2015-ci ilin 9 ayında fəaliyyətsiz quyu fondundan 83 quyu istismara qaytarılıb, bu quyulardan əlavə 39,5 min ton neft alınıb. Neftin və qazın çıxarılma tempini saxlamaq və bu sahədə artıma nail olmaq üçün geoloji və texniki tədbirlərin aparılmasının böyük əhəmiyyət kəsb etməsi nəzərə alınaraq, ilin əvvəlindən 558 geoloji, texniki və texnoloji tədbir həyata keçirilmiş, nəticədə əlavə olaraq 239 min tona yaxın neft hasil edilib. Qazma işlərinin həcmi genişləndirilib, Birliyin sifarişi əsasında 56 quyu qazılaraq istismara verilib. Yeni quyulardan 118,7 min ton neft çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə