Bu layihə ildə 50 milyon dollar qazanc verəcək Rəy

Bu layihə ildə 50 milyon dollar qazanc verəcək Rəy

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycana çox böyük iqtisadi imkanlar verə bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycan iqtisadiyyatına verə biləcəyi dividentlərdən bəhs edib.

Onun sözlərinə bu dəmir yolu xəttinin fəaliyyət Azərbaycanın yük daşımalarında gəlirlərini artıracaq: "Azərbaycan rəsmiləri layihə ilə bağlı ilkin sənədləşmə mərasimi keçirildikdən sonra bildirdilər ki, dövlət bu layihə ilə bağlı hər il təqribən 50 milyon dollara yaxın gəlir götürəcək. Lakin bəzi məqamlar bu işi çətinləşdirir. Layihənin həddən artıq vaxt alması və uzanması mənfi cəhət oldu. Lakin bu layihəyə rəqib olan Çin və Rusiyanın birgə işlədiyi "İpək Yolu" layihəsi artıq fəaliyyətə başlayıb. Bu qatarlar Rusiya ərazisinə qədər olan yolu 6 həftədən 12 günə qədər qısaldıb. Biz bu layihənin icrasında gecikdikcə rəqib layihələr daha tez fəaliyyət başladı".

Natiq Cəfərli bildirib ki, layihənin icrasında çətin məqam qatarların Xəzər dənizindən bərələr vasitəsilə keçməsidir: "Bunun zaman və resurs tələb edən bir iş olması qatarların fəaliyyətini gecikdirir. Buna görə də fəaliyyəti sürətləndirmək lazımdır. Qatarla həmin məqamda çox ləngiməməli və zaman itirməməlidir. Çünki daşınmalarda iki əsas amil rol oynayır. Birincisi zaman, ikincisi isə daşınma xərclərinin ucuzluğu. Bu iki amildə biz rəqib layihələrə rəqabətdə uda bilsək və daha yaxşı xidmətlər təklif edə bilsək əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycana böyük iqtisadi imkanlar verə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə