Dövlət büdcəsinin müzakirəsi davam etdirilir

Dövlət büdcəsinin müzakirəsi davam etdirilir

Milli Məclisdə "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirilib. SİA-nın məlumatına görə, bu gün sözügedən qanun layihəsi Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr, İnsan Hüquqları, Hüquq Siyasəti və Dövlət Quruculuğu komitələrinin birgə iclasında müzakirə olunub. İclasa maliyyə naziri Samir Şərifov da dəvət olunub.

Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev iclası açaraq "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin müzakirəsinə erkən təqdim olunmasının parlament seçkiləri ilə əlaqədar olduğunu bildirib. O, bu sənədin hazırlanması üçün böyük əmək və yaradıcılıq qabiliyyətinin tələb olunduğunu qeyd edib.

Millət vəkili söyləyib ki, büdcə layihəsi dünyada baş verən proseslər təhlil olunduqdan sonra, real proqnozlar əsasında hazırlanıb: "Dövlət büdcəsi haqqında" qanun layihəsi əvvəlki illərlə müqayisədə dünyada baş verən neqativ dəyişikliklər fonunda hazırlanıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın da neft gəlirlərini azaldıb. Son altı ayda Azərbaycan neftinin qiyməti iki dəfə aşağı düşüb. Ancaq buna baxmayaraq, ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və iqtisadiyyatımız inkişaf edir. Elmi proqnozlar da göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edəcək".

Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi barədə məlumat verib. O, Azərbaycan iqtisadiyyatına iki xarici təsirin olduğunu deyib: "Birinci təsir dünya bazarında neft və qaz xammalının qiymətinin kəskin aşağı düşməsi, digəri isə regionda olan qonşu ölkələrin milli valyutalarının xeyli ucuzlaşmasıdır. Nəticədə isə Azərbaycan məhsullarının qiyməti rəqabətlilik baxımından ucuzlaşmağa başlamışdı. Buna görə hökumət müəyyən tədbir görməli idi. Sözügedən hal manatın korreksiya edilməsi ilə tənzimləndi".

Nazir 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollar hesablandığını qeyd edib: "Növbəti ilin dövlət büdcəsində neftin qiyməti optimist yanaşmada 60, pessimist yanaşmada 40, baza qiyməti isə 50 dollar proqnozlaşdırılır. 2016-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub. Bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8% səviyyəsində olacaq. 2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2%-i səviyyəsində və yaxud 2015-ci illə müqayisədə 7,1 faiz-bənd azdır. 2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4,836 mlrd. manat və yaxud 22,9% az deməkdir. Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 mlrd. manat transfer nəzərdə tutulur ki, bu da 2015-ci illə müqayisədə 4,388 mlrd. manat və yaxud 42,2% azdır".

Daha sonra "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi millət vəkilləri tərəfindən müzakirə olunub, maliyyə naziri deputatların təkliflərini dinləyib və suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə