İkinci konteyner qatarı Gürcüstana çatıb

İkinci konteyner qatarı Gürcüstana çatıb

Məlum olduğu kimi, bu il avqustun 3-də "Şixezi (Çin) - Dostık - Aktau - Ələt limanı" marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Qeyd olunan konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, "Qazaxıstan temir jolı" SC, "Çin Dəmir Yolları" (ÇSR), "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir. Artıq ikinci konteyner qatarı da mənzil başına çatıb. Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, Çin Xalq Respublikasının Urumçi-Xinjiang vilayətinin Alaşanko eksport stansiyasından çıxan 44 ədəd vaqondan ibarət olan konteyner qatarı, Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilizi Uzlovaya stansiyasına daxil olub.

Qeyd edək ki, əvvəllər belə qatarlar alternativ marşrutlarla 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə