ARDNŞ təlim keçirdi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft dağılmalarının xəbərdarlığı və ləğvi Planı"na əsasən "Kompleks qazma işləri" trestinin "Neft Daşları" istehsalat bölümü tərəfindən qazma işləri aparılan 418 A saylı meydançada 2015-ci ildə istehsalat bölümlərinin obyektlərində baş verə biləcək neft və neft məhsulları dağılmalarının aradan qaldırılması mövzusunda təlim-məşq keçirilib. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, SOCAR və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən təlim-məşq zamanı meydançada olan işçi heyətə neft dağılmalarının təsnifatı, onların aradan qaldırılma yolları barədə xüsusi bukletlər paylanılıb. Məşq zamanı neft çəninin əlaqələndirici xətlərində birinci səviyyəli neft dağılmasının aradan qaldırılması işlərində dağılmış neftin toplanılması məqsədilə xüsusi hopdurucu maddələrdən (sorbentlərdən) istifadə olunub, həmin hopdurucu maddələrin tərkibi və xassələri barədə işçi heyət maarifləndirilib. Sahədə təhlükəsizlik məqsədilə FHN-nin xüsusi yanğınsöndürmə briqadası təlimə cəlb olunub. Təlim-məşqlərin davamlı olaraq qazma işləri aparılan digər özül və meydançalarda da keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə