Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə neft-qaz emalı və neft-kimya kompleksi layihəsinə həsr olunmuş II "ARDNŞ NQNK Forumu" (SOCAR OGPC Forum) öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, bu forumla həm dünya, həm də yerli miqyasda aparıcı şirkətlərə rəhbərlər və digər yüksək səviyyəli nümayəndələr səviyyəsində NQNK layihəsinin həyata keçirilməsi zamanı tətbiq etməyə hazır olduqları neft-qaz emalı və neft-kimya sahəsi üzrə təcrübə və texnologiyalarını, eləcə də digər resursları, innovasiyalı həll variantlarını təqdim etmək üçün unikal şərait yaratmaq nəzərdə tutulub.
Bildirilib ki, builki forumun məqsədi açar təhvili şərtləri üzrə LST (Layihələndirmə-Satınalma-Tikinti) işlərinə, neft-qaz emalı və neft-kimya zavodlarının tikintisi zamanı göstərilən xidmətlərə birbaşa cəlb oluna biləcək şirkətlər arasında qarşılıqlı əlaqə və tərəfdaşlıq münasibətlərinin yaradılması üçün lazımı meydançanın təşkil edilməsidir.
Forumda LST və digər işlər üzrə podratçılar, mühəndis şirkətləri, neft-qaz emalı və neft-kimya avadanlıqlarının qlobal istehsalçı və təchizatçıları, yerli və xarici tikinti şirkətləri, material və xidmət təchizadçıları, texnologiya üzrə məsləhətçilər, maliyyə qurumları və ətraf mühit üzrə məsləhətçilər iştirak ediblər.
5-6 noyabr tarixləri ərzində davam edəcək forumda "İri neft-qaz emalı və neft-kimya layihələrinin LST mərhələləri", "Qaz-kimya sənayesi üzrə texnoloji nailiyyətlər və bazar tendensiyaları", "Neft-qaz sahəsi üzrə əsas avadanlıq, material və xidmətlər", "Neft-qaz emalı və neft-kimya layihələrinin maliyyə-hüquqi xüsusiyyətləri", "İrilayihələrin reallaşdırılmasında razılaşdırma, logistik, torpaq, ekoloji və digər aspektlər", "İrimiqyaslı layihələrdə yerli podratçıların təcrübəsi" mövzuları müzakirə ediləcək.
Tədbirdə qeyd olunub ki, NQNK layihəsinin birinci mərhələsi çərçivəsində illik gücü 12 milyard kubmetr olan Qaz Emalı Zavodunun və ildə ümumilikdə 680 min ton polimer istehsalını nəzərdə tutan qaz xammalı əsaslı neft-kimya zavodunun tikintisi planlaşdırılır. Həmçinin, kompleksin istismarını fasiləsiz təmin etmək məqsədi ilə İstilik Elektrik Mərkəzinin də daxil olduğu Mərkəzi Ümumzavod Təsərrüfatı blokunun tikintisi planlaşdırılır. Kompleks Bakı şəhərindən 60 km məsafədə Abşeron və Qaradağ rayonlarının sərhəddində yerləşəcək. Kompleksin birinci mərhələsinə aid olan zavodların 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB