Vüqar Bayramlı: “Ermənistanın Gömrük İttifaqına qoşulması hər hansı iktisadi əhəmiyyətə malik deyil” - Açıqlama
"Ermənsitanın Gömrük İttifaqına qoşulması heç bir əhəmiyyət daşımır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazın zəif ölkəsi olan Ermənistanın ittifaqa qoşulması ilə heç bir dəyişklik əldə edilməyəcək: "Ermənistanın Gömrük İttifaqına qoşulması hər hansı iqtisadi əhəmiyyətə malik deyil. Bu ölkənin ittifaqa qoşulması onun strukturunda və vacibliyində hər hansı bir dəyişikliyə gətirib çıxarmayacaq. Çünki, Ermənistan Cənubi Qafqazda ən zəif ölkədir. Ermənistanın Gömrük İttifaqına üzv olması həmin ittifaq üçün hər hansı bir müsbət töhfə vermir".
Ermənistanın işğalçılıq siyasətini ittifaq çərçivəsində davam etdirə bilməyəcəyini qeyd edən ekspert sözlərinə bunları əlavə edib: "Bu ölkə çalışır ki, Gömrük İttifqına üzv olduqdan sonra regiondakı işğalçılıq siyasətini davam etdirərək Dağlıq Qarabağın da ittifaqın sərhədləri daxilində nəzərə alınmasına nail olsun. Məhz bu məsələdə ittifaqa üzv olan bütün ölkələrin ciddi etirazı var. Ermənistan Ümumdünya Ticarət Təşkilatının sərhədləri daxilində gömrük ittifaqına üzv olduqdan sonra, Dağlıq Qarabağla Ermənistan arasında sərhəd keçid məntəqəsinin açılmasına nail olmaq istəyir. Bu təklifə Qazaxıstanla Belarusiyanın birmənalı şəkildə etirazı var. Çox təəssüf ki, Ermənistan Gömrük İttifaqında da məhz separatçı siyasətini davam etdirməyə çalışır".
Gömrük İttifaqının siyasi bir qurum olmadığını deyən Vüqar Bayramlı, ittifaq daxilində Azərbaycana dəstək olan və ərazi bütövlüyünü tam tanıyan ölkələrin olduğunu vurğulayıb: "Ermənistan ittifaqı siyasiləşdirərək, konfliktin öz xeyrinə həll edilməsinə çalışır. Bu məsələdə Gömrük İttifaqının imkanlarından istifadə etmək istəyir. Ermənistanın siyasətinə baxmayaraq, Gömrük İttifaqına üzv ölkələrdən Qazaxıstan və Belarusiyanın mövqeyi Azərbaycanın mövqeyi ilə eynidir. Hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan Gömrük İttifaqından kənarda olsa belə, bu ittifaqdan ölkəmizə böyük dəstək olması birmənalı şəkildə ölkə Prezidentinin şəxsi nüfuzu ilə bağlıdır. Çünkü Qazaxıstan və Belarusiya prezidentlər səviyyəsində Azərbaycana münasibətlərini sərgiləyirlər. Azərbaycan prezidenti İlham Əliyevin nüfuzu sayəsində ölkəmizin regiondakı mövqeyi güclənir".
Azərbaycanın regiondakı gücünün açıq aşkar ortada olduğunu qeyd edən ekspert Azərbaycanın mövqeyinin ittifaq daxilindəki ölkələr tərəfindən tam dəstəkləndiyini ifadə edib: "Azərbaycanın sözügedən ölkələrlə münasibətləri və mövcud əlaqələri onu göstərir ki, Ermənistanın bugünkü siyasəti Gömrük İttifaqının daxilində belə özünə tərəfdar və dəstək tapa bilməyəcək. Bu baxımdan indidən proqnozlaşdırmaq olar ki, Ermənistanın Gömrük İttifaqından siyasi alət kimi istifadə etmək cəhdlərinə baxmayaraq, Qarabağ məsələsində mövqeyini möhkəmləndirə bilməyəcək. Əvəzində, Gömrük İttifaqındakı bütün dövlətlər Azərbaycanın mövqeyini praktiki olaraq dəstəkləyir. Bu baxımdan Azərbaycan Gömrük İttifaqında olmasa belə, ittifaqa üzv olan ölkələr tərəfindən ərazi bütövlüyü və digər regional məsələlərdə ittifaqdan dəstək almasına davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB