Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 km hissəsində tikinti işləri yekunlaşıb FOTO

Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 km hissəsində tikinti işləri yekunlaşıb FOTO

"Bilgəh-Novxanı-Sumqayıt istiqamətində yeni avtomobil yolunun tikintisi başa çatdırıldıqdan sonra sözügedən yol Bakı-Quba-Rusiya Ferderasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək. Ümumi uzunluğu 42 km nəzərdə tutulan Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 km hissəsində tikinti işləri başa çatdırılıb". Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, yolun 16,5-22 km , 28-37 km hissələrində işlər davam etdirilir: "Yolun 16,5-22 km hissəsində 4 körpüdən 3-ü tikilib, hazırda ərazidə müxtəlif qazma və tökmə torpağ yatağının tikintisi işləri gedir. Yolun 28-37 km hissəsində 3 körpü, 1 mal-qara keçidi nəzərdə tutulub. Artıq 2 körpü, 1 heyvan keçidində son tamamlanma işləri ilə yanaşı, optimal tərkibli çınqıl layın tikintisi davam etdirilir. Yaxın günlərdə 3 qat asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq".

O həmçinin qeyd edib ki, hər iki sahədə tikinti altına düşən maneələrin qiymətləndirilməsi və relyefə uyğun olaraq düzbucaqlı suötürücülərin quraşdırılması işləri həyata keçirilir: "Layihənin sözügedən hissələrində işlərin 2015-ci ildə tamamlanması planlaşdırılır. Layihənin həyata keçirilməsində məqsəd Abşeron yarmadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsini təmin etməkdir. Bu da öz növbəsində paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün azalmasına gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə