Türkiyəli qadın iş adamlarının Azərbaycan bazarına marağı artır

Türkiyəli qadın iş adamlarının Azərbaycan bazarına marağı artır

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Natəvan Məmmədova və konfederasiyanın tərkibində fəaliyyət göstərən "Qadın sahibkarlığın inkişafı" üzrə komissiyanın sədri Jalə Hacıyeva Türkiyədən ölkəmizə səfərə gəlmiş bir qrup qadın iş adamı ilə görüşmüşlər.

ASK-nın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə azərbaycanlı və türkiyəli qadın iş adamları arasında mövcud vəziyyət və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Natəvan Məmmədova bildirmişdir ki, bu cür görüşlər mövcud əlaqələrin genişlənməsində, xüsusilə də sərgilərin təşkilində əhəmiyyətli rol oynayır. Türkiyəli qadın iş adamlarının Azərbaycana səfəri də iki ölkədə özəl sektorun inkişafına dəstək verən təşkilatlar arasında əməkdaşlığın genişlənməsinə töhfəsini verəcəkdir. N.Məmmədova mümkün əməkdaşlıq istiqamətləri haqqında da qonaqları məlumatlandırmışdır.

Jalə Hacıyeva rəhbərlik etdiyi komissiya haqqında qonaqlara məlumat verərək, gələcəkdə nəzərdə tutulan layihələrdən söhbət açmışdır.

Türkiyəli qadın iş adamları ölkəmizə səfərlərindən məmnun olduqlarını bildirmiş, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını, hazırda respublikamızda fəaliyyət göstərən türk şirkətlərinə lazımi şəraitin yaradıldığını diqqətə çatdırmışlar.

Türkiyənin qadın iş adamları Azərbaycan bazarında, xüsusilə tekstil və isitmə sistemləri sahəsində yer tutmaqda maraqlı olduqlarını söyləmişlər.

Qonaqlar istehsal etdikləri məhsulları nümayiş etdirmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə