Azərbaycan Aİ ilə yeni tvinninq layihəsinin icrasına start verib
Bu gün Avropa İttifaqı (Aİ) və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) "Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək" adlı tvinninq layihəsinin icrasına start verib. SİA xəbər verir ki, SMPDK Azərbaycanda standartlaşdırma və texniki tənzimləmə sisteminin müasir tələblərə cavab verməsini təmin etmək üçün layihə çərçivəsində Böyük Britaniya, Fransa və Sloveniya konsorsiumu ilə əməkdaşlıq edəcək.
Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Aİ tərəfindən birgə həyata keçirilən layihələrin əhəmiyyəti barədə məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Aİ ilə onun Tvinninq və Taieks proqramları çərçivəsində uzun illərdir ki, sıx və müvəffəqiyyətlə əməkdaşlıq edir: "Tvinnin layihəsinin əsas məqsədi də standartlaşdırma və texniki tənzimləmə sisteminin daha da təkmilləşdirilməsidir. Layihənin keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlarının onlayn satış sisteminin yaradılması kimi komponentləri var".
AB-nin ölkəmizdəki səfiri xanım Malena Mard mərzsimdə çıxışı zamanı bildirib ki, Avropa İttifaqı (Aİ) Azərbaycanla ticarət əlaqələrinin inkişafından məmnundur. Onun sözlərinə görə, Aİ Azərbaycanla ticarət əlaqələrinin genişlənməsində maraqlıdır: "2003-2007-ci illərdə Avropa İttifaqı Azərbaycanda keçirdiyi 26 tvinninq layihəsinə 45 milyon dollar maliyyə vəsaiti ayırıb. Hazırda təqdim etdiyimiz layihə də Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında əlaqələrin yaranmasına və mövcud əməkdaşlığın inkişafına töhfədir".
Tədbirdə iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq isə deyib ki, Aİ ilə Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir. Onun sözlərinə görə, "Tvining" layihələri daha sıx əməkdaşlıq üçün yeni imkanlar yaradır: "Burada məqsəd standartların keyfiyyətini artırmaq, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olmasına imkan yaratmaqdır".
Tədbir mövzu üzrə məruzələrin dinlənilməsilə davam edib.
Qeyd edək ki, 2 il müddətində icra olunacaq layihənin sonunda keyfiyyət strukturu ilə bağlı milli qanunvericiliyin Aİ və ÜTT tələblərinə uyğunlaşdırılması, standartların informasiya-məlumat bazasının yaradılması, onların onlayn satışı üzrə müasir sistemin yaradılması kimi nəticələrin əldə olunması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB