Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) çərçivəsində "Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması" layihəsi çərçivəsində fevralın 21-dən martın 7-dək Azərbaycanda qalacaq mütəxəssis qrupu ezam edib. SİA-ya verilən məlumata görə, koreyalı mütəxəssislər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) azərbaycanlı həmkarları ilə görüşlər keçirəcək və layihə ilə bağlı bir sıra məsələləri müzakirə edəcək. Nümayəndə heyətinin başlıca məqsədləri azərbaycanlı dövlət qulluqçuları üçün standartlaşdırımış informasiya və kommunikasiya texnologiyalarını tövsiyə etmək və yenidən işləmək, həmçinin KOİKA Qrant Layihəsi çərçivəsində Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması ilə bağlı İnformasiyalaşdırılmış Strategiya Planını hazırlamaqdır.
Koreyalı mütəxəssislər həmçinin İT bacarıqları və İT təhsil sistemi ilə bağlı mövcud vəziyyəti araşdıracaq, dövlət qulluqçularının xüsusilə İT sahəsində potensialının artırılması ilə bağlı RİTN-in tələblərinin təhlil edəcək və Nazirliyin bu sahədəki gələcək planlarını öyrənəcək. Təhlilə əsasən, RİTN-in mövcud sistminin yaxşılaşdırılması üçün təşkilati işlər, iş prosesi və onun idarə olunması ilə bağlı tövsiyələr veriləcək. Koreyalı və azərbaycanlı mütəxəssislərin həmçinin onlayn kontentlər, layihənin qrafiki ilə bağlı müzakirələr aparacağı da nəzərdə tutulur.
Xatırladaq ki, "Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması ilə bağlı Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasındakı Qrant Razılaşması 2013-cü ilin aprelin 18-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn və Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov tərəfindən imzalanıb.
3,7 milyon ABŞ dolları məbləğində büdcəyə malik layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) tərəfindən həyata keçirilir. Layihənin məqsədləri elektron Təhsil İnformasiya Sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulmasına dəstək verilməsi, informasiya texnologiyaları avadanlıqlarının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, İKT və e-hökumət potensialının təşviq olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə