Vüqar Bayramov: "Ötən illərə nisbətən lombardların sayı artıb"

Vüqar Bayramov: "Ötən illərə nisbətən lombardların sayı artıb"

"Azərbaycanda 2011-ci ildə 600 lombard fəaliyyət göstərirdisə, indi onların sayı dörd rəqəmlə ifadə edilir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bankların kütləvi kreditləşməni dayandırması kredit axtaran vətəndaşları ya lombardlara, ya da sələmçilərə üz tutmağa vadar edib: "Bank sektorundakı son dəyişikliklərdən əslində daha çox faydalanan da məhz lombardlardır. Əslində, öncədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq. Təbii ki, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. Amma məsələ heç də, göründüyü kimi sadə deyil. Əvvəlla, banklardakı "kredit böhranı" lombardların təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Səbəb da sadədir: kütləvi kedit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar isə bu tələbdan yararlanmağa çalışırlar. Təbii ki, istehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pullara tələbatın kəskin artması müşahidə edilir. Yanvar ayının yekunlarına əsasən lombardların aylıq faiz dərəcələrində 1-1,5 % artım olub. Bu isə o deməkdir ki, artıq lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40%-dən artıqdır.

İkincisi, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi yoxdur. Məsələn, bu xidmət 3000 manatlıq kredit təklif edən zamanı ən azı 5000 manatlıq qızıl-zinnət əşyalarını girov kimi tələb edirlər. Bu isə o deməkdir ki, yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Aydındır ki, əgər faizləri nisbətən aşağı olan kommersiya bankarlarına əhalinin qaytara bilmədiyi borc 1 milyard dollardan çoxdursa və son 1 ildə 10 faiz artım olubsa, deməli, "lombard borclarında" da vəziyyət ürəkaçan deyil. Bu isə o deməkdir ki, götürdüyü pulu və ya onun yüksək faizlərini geri qaytara bilmədikdə vətəndaş bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirən girovundan da olur.

Digər tərəfdən, zirzəmilərdə və ya balaca qaranlıq otaqlarda məskunlaşan lombardlar istənilən zaman yerlərini dəyişə bilirlər. Bu baxımdan, bu sahədə xidmətin davamlılığı və təminatı ilə bağlı ciddi risklər qalmaqdadır. Vətəndaşlar bahalı girovlarını lombarda təqdim edir, pul götürür və müəyyən ödənişlər də edir, amma bir müddətdən sonra lombardın ofisi bağlanır və təbii ki, sonradan onu tapmaq və girovu geri almaq əsl problemə çevrilir. Son zamanlar, vətəndaşlardan pul alıb yoxa çıxan lombard sahibləri barədə açılan cinayət işləri də məhz bundan xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə