335 nəfər elektrik enerjisindən istifadə qaydalarını pozub

335 nəfər elektrik enerjisindən istifadə qaydalarını pozub

"Son üç ay ərzində 35 kV-lik "Pirqulu" yarımstansiyasında gərginlik transformatoru, "Hacıqədirli" yarımstansiyasında isə cərəyan transformatoru yenisi ilə əvəzlənib". "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması, elektrik şəbəkəsinin istismarının asanlaşdırılması və elektrik şəbəkəsində itkilərin azaldılması məqsədi ilə 0,4 kV-luq hava xətlərinin 1,2 kilometrə yaxın hissəsi Özünüdaşıyan İzolyasiyalı Naqillər (SİP) ilə əvəz olunub və 25-dən artıq yeni dayaq basdırılıb. Eyni zamanda sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi məqsədilə 45 ədəd yeni sayğac quraşdırılıb və 65-dən artıq sayğac isə dəyişdirilib. Mənbəyə istinadən onu da qeyd edək ki, şəbəkənin xidməti ərazisində olan 20-dən artıq TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Eyni zamanda müəssisənin balans mənsubiyyətinə aid olan bir neçə transformator daha güclüsü ilə əvəz edilib. Belə ki, M. Ə. Rəsulzadə küçəsindəki 320 kVA transformator 630 kVA transformatorla, H. Aslanov küçəsindəki 160 kVA transformator 250 kVA transformatorla, Sabirli kəndindəki 63 kVA transformator isə 100 kVA transformatorla əvəz edilib. Bütün bunlarla yanaşı transformatorlara baxış keçirilib və yağ əlavə edilib.

Məlumata görə, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 335-dən artıq istehlakçının (bunun 290-a yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 774,3 min kilovatsaatdan artıq (bunun 326,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilən elektrik enerjisinin 46,5 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 65 faizə yaxın hissəsinin ödənişi təmin edilən və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 30 fakt aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. Nəticədə 31,9 min kilovatsaata yaxın (bunun 14,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 1,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib.

2013-cü ildə müəssisənin xidməti ərazilərində istehlakçılar tərəfindən 65,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da 2012-ci ildəki istehlakla müqayisədə 4,1 milyon kilovatsaat çoxdur. Ümumi ödəniş isə 2012-ci ildəki göstərici ilə müqayisədə mütləq 8 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 39,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Nəticədə 2012-ci illə müqayisədə istehlak 1,1 milyon kilovatsaat, ödəniş isə mütləq 7 faizdən artıq olub. Cari ilin yanvar ayında burada 6,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 513 min kilovatsaata yaxın, ümumi ödəniş isə mütləq 7 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 386 min kilovatsaat çoxdur. Həyata keçirilən bütün bu işlər istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə, texnoloji itkilərin müəyyən edilən həddə saxlanılmasına, ifrat yüklənmələrin qarşısının alınmasına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə