YAP-ın iqtisadi məsələlər komissiyasının ilk iclası keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının iqtisadi məsələlər komissiyasının ilk iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda komissiyanın 2014-cü ildə fəaliyyət planı müzakirə edilib.
Əvvəlcə YAP-ın iqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov fəaliyyət planında nəzərdə tutulan məsələlər haqqında məlumat verib.
E.İbrahimov bildirib ki, komissiya bu il ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarının təbliğinə yönələn bir sıra tədbirlər keçirməyi nəzərdə tutur: "Tədbirlər planına ilk olaraq Azərbaycanın ərzaq təhlükəsizliyinin mahiyyəti, mövcud vəziyyət və perspektivlər barədə KİV-lərin iştirakı ilə təşviqat xarakterli konfransların təşkil olunması daxildir. Bundan əlavə, regionların inkişafı ilə bağlı nəzərdə tutulan yeni dövlət proqramı, ölkədə kənd təsərrüfatının inkişaf strategiyası və aqrar layihələrin əhəmiyyəti barədə təqdimatların keçirilməsi də YAP-ın iqtisadi məsələlər komissiyasının fəaliyyət planına daxildir".
Komissiyanın sədri onu da bildirib ki, Prezident İlham Əliyevin növbəti 5 illik inkişafa dair qarşıya qoyduğu hədəflərin geniş şəkildə təbliğ olunması da partiyanın iqtisadi məsələlər komissiyasının gündəmində olan əsas məsələlərdən biridir.
İclasda komissiyanın üzvləri çıxış edərək 2014-cü ilin fəaliyyət planı haqda fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda YAP-ın iqtisadi məsələlər komissiyasının 2014-cü il üçün fəaliyyət planı təsdiq edilib.
Həmçinin, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov YAP-ın iqtisadi məsələlər komissiyasının sədr müavini seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB