Məlahət İbrahimqızı: “Şahdəniz-2” layihəsi “Əsrin müqaviləsi”nin zirvə nöqtəsidir
"Şahdəniz-2" layihəsinin imzalanması Azərbaycan üçün siyasi, iqtisadi və mənəvi əhəmiyyət daşıyır". SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı belə deyib.
Onun sözlərinə görə, XX əsrin ən böyük müqaviləsi olan "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatına XX əsr üçün ən irimiqyaslı layihədir: "Böyük layihələr üçün "Əsrin müqaviləsi" ilk atılan addım idi. "Şahdəniz-2" layihəsinin imzalanması "Əsrin müqaviləsi"nin zirvə nöqtəsidir. Bu layihə Azərbaycanı Avropaya bir daha bağladı. "Şahdəniz-2" layihəsi Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricilərindən biridir. "Əsrin müqaviləsi" XX əsr üçün nə qədər əhəmiyyətli idisə, bu layihə də XXI əsr üçün o qədər vacib və əhəmiyyətli bir layihədir. "Şahdəniz-2" Azərbaycanın nəinki regionda, eyni zamanda Avropa ölkələri arasında əhəmiyyətini artırdı".
Hazırda dünyada olan enerji ideologiyasının böyük əhəmiyyət kəsb etdiyini deyən millət vəkili bildirib ki, bu ideologiya ətrafında dünya dövlətləri öz əlaqələrini qurub, münasibətlərini tənzimləyiblər: "Çünki, artıq dünyada enerji ideologiyası təməl prinsip və əsas faktor sayılır. Elə məhz "Şahdəniz-2" də bu kimi layihələrdən biri olduğundan Azərbaycanın Avropada məkanında əhəmiyyətini artıracaq. Layihənin imzalanması minlərlə iş yerinin açılması deməkdir. Bütövlükdə bu layihəyə qoyulan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına öz təkanını və töhfəsini verəcək. "Şahdəniz -2" təkcə qaz sektorunda deyil, eyni zamanda, bu sektora xidmət göstərən digər sahələrin də inkişafı üçün zəmin yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB