Parlamentdə banklarda yüksək faizlə kreditlərin verilməsi müzakirə olunub

Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında banklarda yüksək faizlə kreditlərin verilməsindən narahatlıq ifadə olunub. SİA-nın məlumatına görə, iclasda çıxış edən millət vəkili Vahid Əhmədov deyib ki, Milli Məclis bank faizlərinin aşağı salınması məsələni müzakirə edib bununla bağlı mövqeyini ortaya qoymalıdır.

O bildirib ki, bu məsələ bir daha dəyərləndirilməli və bununla bağlı tövsiyyələr verilməlidir: "Bank faizlərinin yüksək səviyyədə olması cəmiyyətdə ciddi narazalığa səbəb olan amillərdən biridir. Müzakirələrdə bankların da üzləşdiyi problemlər ortaya qoyulmalıdır. Biz bilməliyik ki, bu sahədə nə baş verir. Bəlkə bankların normal fəaliyyət göstərməsi üçün dövlət tərəfindən 3 milyard manat vəsait ayrılmalıdır ki, onlar üzləşdiyi problemləri həll etsinlər".

İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev isə bildirib ki, bu məsələ artıq hökumətin də diqqət mərkəzindədir. Onun sözlərinə görə, yüksək risk olan yerdə yüksək faizlərin olması labüddür, lakin mövcud bank faizləri ilə kiçik və orta biznesi inkişaf etdirmək mümkün deyil: "Əsas məsələ faizləri endirmək üçün mənbələrin tapılmasıdır. Ən əsası,əmanətlərin banklara axıdılmasına şərait yaradılmalıdır. Əsas odur ki, problemin həlli yolları aranır və bu yaxınlarda bu məsələyə baxılacaq. Amma bu məsələni ictimailəşdirmək düzgün deyil. Bu bankların ziyanına işləyər. Çünki əhali hesab edəcək ki, bu məsələ gündəlikdədirsə, onda da kredit faizlərini ödəməməyə başlayacaqlar".

Ç. Əsədullayev onu da qeyd edib ki, bu məsələyə Mərkəzi Bank tərəfindən artıq reaksiya verilib və bu reaksiya yenə də olacaq: "Bundan əlavə, bu məsələ bu gün Əmanətlərin Sığortalanması Fondunda artıq ciddi müzakirə olunub. Mən sizə söz verirəm ki, bu məsələdə müsbət addımlar olacaq".

Komitə sədri Ziyad Səmədzadə də bu məsələdən narahatlığını ifadə edib. O qeyd edib ki, bankların monitorinqi aparılmalı, onların "Reklam haqqında" Qanuna nə dərəcə riayət etməsi yoxlanılmalıdır: "Dünyanın hər yerində faiz dərəcələri ilə bağlı avtobuslarda reklam qadağandır. Amma bizdə avtobusun hər tərəfində yazılır ki, "yumurta qiymətinə kredit". Axı yumurta qiymət əmsalı, ölçü vahidi deyil. Bu qanuna ziddir".

Onun sözlərinə görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da qeyd edib ki, bank faizlərinin aşağı salınması ilə bağlı məsələ gündəlikdədir: "Mən sizə söz verirəm ki, komitə üzvləri Mərkəzi Bankın rəhbərliyi və digər aidiyyatlı qurumlarla görüşüb mövcud problemi birgə müzakirə edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə