İqtisadçı-ekspert: "2014-cü ilin büdcəsi sosial büdcədir"

İqtisadçı-ekspert: "2014-cü ilin büdcəsi sosial büdcədir"

İqtisadçı-ekspert Vüqar Bayramlının SƏS TV-yə müsahibəsi:

- 2014-cü ilin büdcə layihəsində hansı sahələrə daha çox vəsait ayrılacaq? Sosial sahələrə ayrılacaq vəsaitlər əhalinin rifahına təsir edəcəkmi?

- 2014-cü ilin büdcəsi ötən illərin büdcəsi ilə müqayisədə daha realdır. Yeni büdcə layihəsində dövlətin uzun müddətdir ki, prioritet sahə kimi müəyyənləşdirdiyi qeyri-neft sektorunun payının artırılması, eyni zamanda neft sektorunun payının azaldılması nəzərdə tutulub. Nəzərə alsaq ki, gələn ilin büdcəsində Dövlət Neft Fondundan transferlərin həcmi 50%-dək azaldılıb, bu da dövlət büdcəsinin Fonddan asılılığının aradan qaldırılması ilə nəticələnəcək. Yəni 2014-cü ilin dövlət büdcəsinin yarısı qeyri-neft sektorunun hesabına formalaşacaq. Eyni zamanda dövlət büdcəsinə vergi daxilolmaları artacaq və büdcənin vergidən daxilolmalar hesabına formalaşmasına şərait yaranacaq. 2014-cü ilin büdcəsi öncəki illərdə də olduğu kimi, sosial büdcədir. Gələn ilin dövlət büdcəsinin xərclər hissəsinə nəzər yetirsək, büdcənin birmənalı şəkildə sosial sferanın maliyyələşməsini nəzərdə tutulduğunu görərik. Yeni büdcə layihəsində yalnız sosial istiqamətlərə 2 milyard manat vəsait ayrılacaq ki, bu da 2013-cü ilin büdcəsi ilə müqayisədə sosial proqramlara ayrılan vəsaitin həcmindən 15% çoxdur. Eyni zamanda təhsil və səhiyyə sahələri üzrə də ayrılan vəsaitlər 2014-cü ilin dövlət büdcəsində 8% artım təşkil etməklə hesablanacaq. Yeni büdcə layihəsində azalmalar yalnız investisiya xərclərində olacaq ki, bu azalma da 7% təşkil edəcək. Artıq dövlət büdcəsi investisiya büdcəsindən daha çox sosial büdcə kimi formalaşacaq. Əvvəllər dövlət büdcəsinin investisiya xərcləri birbaşa ölkədə infrastrukturunun formalaşmasına yardım edib. Bu baxımdan mərhələli olaraq Azərbaycan Respublikasının investisiya xərclərinə ayrılan vəsaitlərin həcmini azaltmaq mümkün olacaq. Bu xərclərin azaldılması hesabına isə sosial sahələrə ayrılan vəsaitlərin həcminin artırılması reallaşacaq. Eyni zamanda qeyd edim ki, gələn ilin ipoteka maliyyələşməsinə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. 2014-cü ilin büdcəsi sosial büdcədir və bu büdcədən ayrılan vəsaitlər hesabına sosial təminatın gücləndirilməsi, əhalinin gəlirlərinin artırılması nəzərdə tutulub.

- İqtisadçı-ekspertlərin proqnozlarına əsasən yaxın günlərdə ABŞ iqtisadiyyatında böhran gözlənilir. Böhran baş verərsə bunun dünya və Azərbaycan iqtisadiyyatına təsirini necə qiymətləndirirsiniz?

- ABŞ iqtisadiyyatında hal-hazırda müşahidə edilən büdcə defoltu, eləcə də yaxın günlərdə xarici borc defoltu özünü göstərməkdədir. Nəzərə alsaq ki, ABŞ-ın büdcə ili oktyabr ayının 1-də başlanılır və növbəti ilin sentyabr ayının 30-da başa çatır. Artıq oktyabr ayından etibarən icrası gözlənilən büdcə hələ ki, ABŞ iqtisadiyyatında tətbiq olunmayıb. Çünki, ölkənin federal büdcəsi hələ ki, təsdiqlənməyib. Federal büdcənin təsdiq edilməməsi isə artıq ABŞ-ın 2 həftə büdcəsiz yaşaması deməkdir. Bu da dövlət sektorunda çalışanlara əməkhaqlarının verilməsində problemlərin yaşanmasına səbəb olur. ABŞ iqtisadiyyatı hazırda həm büdcə, həm də xarici borc defoltu ilə müşahidə olunur. Cari ildə ABŞ-ın xarici borcu 17 milyard dollardan artıqdır və bu, ölkənin ÜDM-dən artıqdır. ABŞ qanunvericiliyinə əsasən xarici borcun həcmi ÜDM-dən artıq olsa, dövlət büdcəsi defolta getməlidir. Qeyd edim ki, hazırda ABŞ-da 700 min işçiyə əməkhaqqı ödənilmədiyi üçün işçilər məcburi olaraq məzuniyyətə göndərilib və onlar büdcə təsdiq olunana qədər işləməyəcəklər. Bununla yanaşı, hazırda ölkədə federal və ştat səviyyəsində bəzi qurumlar fəaliyyətlərini dayandırıblar. Nəzərə alsaq ki defolt ABŞ səhmlərinin aşağı düşməsinə gətirib çıxaracaq və bu da əhalinin gəlirlilik səviyyəsinin azalması ilə nəticələnəcək. Defolt yalnız ABŞ iqtisadiyyatı ilə yekunlaşmayacaq, bu eyni zamanda inkişaf etməkdə olan ölkələrinin iqtisadiyyatına da təsir edəcək. ABŞ-dakı defolt davam etsə burada ən çox ziyan çəkən ölkələr Rusiya və Çin olacaq. Nəticədə isə dünya iqtisadiyyatı ABŞ iqtisadiyyatında müşahidə olunan defoltun acı nəticələrini hiss edəcək. Belə ki, defolt ABŞ dolarının məzənnəsinin aşağı düşməsinə səbəb olacaq. Dünyada ehtiyyatların 62%-i ABŞ dolları ilə saxlanılır. Buna görə də defolt həm ABŞ iqtisadiyyatına, həm də dünya iqtisadiyyatına mənfi təsir edəcək. İndiki mərhələdə Azərbaycan iqtisadiyyatı ABŞ iqtisadiyyatında baş verən böhranın təsirlərinə məruz qalmayacaq. Çünki Azərbaycan iqtisadiyyatının sığorta yastığı var. Belə ki, dövlət büdcəsində neft sektorunun payı azalır və bu Azərbaycanı böhranın təsirlərindən kənar saxlayacaq.

- Vüqar müəllim, 2014-cü ildə Azərbaycan manatı öz məzənnəsini qoruyub saxlaya biləcəkmi?

- 2013-cü ildə Azərbaycan manatı dollara və digər valyutalara nisbətdə məzənnəsini yüksəldib. Cari ildə dolların və avronun məzənnəsində dəyişiklik olsa da, 2013-cü il Azərbaycan manatı üçün stabil il kimi qiymətləndirilib. 2014-cü ildə Azərbaycanın Mərkəzi Bankı pul kredit siyasətinə uyğun olaraq manatın məzənnəsində azalma proqnozlaşdırılmır, o öz stabilliyini qoruyub saxlaya biləcək.

- Yeni büdcə layihəsində infilyasiyanın səviyyəsi artacaqmı və bu artım 2 rəqəmlilik təşkil edə bilərmi?

- 2014-cü ilin dövlət büdcəsində infilyasiya səviyyəsinin 2013-cü ildə olduğu kimi, stabil qalacağı gözlənilir. Belə ki, gələn il ÜDM-un artım tempinin 5% olacağı proqnozlaşdırılıb. Bu da imkan verir ki, infilyasiya səviyyəsi 2013-cü ildə olduğu kimi, təxminən 3% intervalında qalsın. 2014-cü ilin dövlət büdcəsində, eləcə də makroiqtisadi proqnozlarında ikirəqəmli infilyasiyanın olacağı proqnozlaşdırılmır. Mövcud vəziyyət buna imkan verməyəcək və gələn il Azərbaycanda məhsulların qiymətlərində kəskin artımlar gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə