Lənkəran rayonunun daha bir kəndinə təbii qaz verildi

Lənkəran rayonunun daha bir kəndinə təbii qaz verildi

Oktyabrın 7-də 4 mindən artıq əhalisi olan Viravul kəndində əsl bayram əhval-ruhiyyəsi vardı. Havanın yağışlı keçməsinə baxmayaraq, insanlar uzun illərdən sonra "mavi alov"un açılışını səbirsizliklə gözləyirdilər. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Viravul inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Qurbanov açıb. Bildirilib ki, kəndin ərazisində 861 ədəd sayğac quraşdırılıb. Qaz xəttinin yüksək səviyyədə istifadəyə verilməsindən ötrü 16 min 566, 5 metr polietilen borudan və 20 min 224, 71 metr dəmir borudan istifadə edilmişdir. Bununla yanaşı, 861 ədəd fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə kənd ictimaiyyəti adından Ağsaqqallar Şurasının sədri Ayaz Nəhmətov, təqaüddə olan müəllim Rauf Ağayev çıxış edərək ölkə başçısı cənab İlham Əliyevə, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova minnətdarlıqlarını bildiriblər.

Açılışda "Azəriqaz" İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Kamran Cəfərov iştirak edib. O, çıxışında bildirib ki, Viravul kəndində qazlaşdırmaya qısa vaxtda başlanılıb. Lakin kollektivimizin səyi nəticəsində bu mühüm iş məhz bu gün icra olunur. Əlbəttə, bütün bu işlər möhtərəm Prezidentimizin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yerinə yetirilir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov uzun fasilədən sonra Viravul kəndinə təbii qazın verilməsi münasibətilə əhalini təbrik edib, onlara ən səmimi və xoş arzularını çatdırdı, "mavi alov"un hər bir evə hərarət və bərəkət gətirməsini arzulayıb.

Sonda təbii qazın açılışını bildirən rəmzi məşəl alovlandırıb.

Cari ilin əvvəlindən 8611-ə yaxın təsərrüfat daxil olmaqla 24 kəndə təbii qaz verilmiş və açılışları keçirilmişdir. Bu günə kimi rayon ərazisində 48 yaşayış məntəqəsi qazlaşdırılmışdır. İlin sonuna kimi rayonun daha 26 yaşayış məntəqəsində təbii qazın açılışları və tikinti işlərinin sona çatdırılması nəzərdə tutulmuşdur. Bu da rayonda mövcud olan 45560 təsərrüfatdan 41895 təsərrüfatın qazlaşması, yəni 92%-ni təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə