"Ermənistanın bu dəmir yolu ilə daşınası heç nəyi yoxdur” MÜNASİBƏT

"Ermənistanın bu dəmir yolu ilə daşınası heç nəyi yoxdur” MÜNASİBƏT

"Əsas istəyimiz Ermənistan-Abxaziya dəmir yolunun hərbi daşınma üçün istifadə olunmamasıdır. Təbii ki, Gürcüstan tərəfi öz maraqları naminə buna yol verməyəcək". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov Ermənistan-Abxaziya dəmir yolu xəttinin açılmasına münasibət bildirərkən deyib.

Ermənilərin hələ də mülki daşınmalar üçün Gürcüstanın ərazisindən istifadə etdiyini deyən politoloq qeyd edib ki, bütün daşınmalar Gürcüstandan keçir: "Bununla yanaşı, Lars keçid məntəqəsinin vasitəsi ilə avtomobillər Gürcüstandan keçərək Rusiyaya daxil olur. Bəziləri bu dəmir yolunun açılmasını Ermənistanın blokadadan çıxacağı kimi qiymətləndirir. Ancaq onu deyim ki, Ermənistanın bu dəmir yolu ilə daşınası heç nəyi yoxdur".

"Ermənilər dəmir yolunu açmaq üçün pul tapsalar və hətta abxazları yola gətirsələr belə, bu onların ağ günə çıxması demək deyil. Çünki ermənilər üçün ən vacib məsələ Azərbaycan və Türkiyə bazarına çıxış əldə etməsidir. Təbii ki, biz də heç vaxt həmin şəraiti onlara yaratmayacağıq",- deyə R. Musabəyov fikirlərinə əlavə edib.

Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın təşəbbüsü ilə ortaya atılan Ermənistan-Abxaziya dəmir yolu xəttinin açılması ideyasına qarşı olduğunu bir daha təsdiq edib. Saakaşvili qeyd edib ki, Rusiya bu fikri gündəmə gətirməklə Ermənistanı blokadadan çıxarmaq, bu ölkənin iqtisadi inkişafını təmin etmək məqsədi güdmür, əksinə Abxaziyaya yeni sərmayələr qoymaq planını reallaşdırmaq istəyir. Ermənistana dəmir yolu açılmaqla bərabər, Abxaziyanın işğaldan sonrakı investisiya imkanları artacaq. Beləliklə, Abxaziyanın birdəfəlik itirilməsi planı reallaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə