“Azneft” İB-də yeni texniki xidmət strategiyasının işlənib hazırlanması mövzusunda müşavirə keçirilib
Bu günlərdə "Azneft" İstehsalat Birliyində istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya sahəsində yeni texniki xidmət strategiyasının işlənib hazırlanması və tətbiqi, podratçı təşkilatların işinə nəzarət və istehsalın səmərəliliyinin artırılması mövzusunda texniki müşaviə keçirilib. SİA-nın məlumatına görə, müşavirəni giriş sözü ilə "Azneft " İB-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsinin rəisi Feyzulla Səfərəliyev açaraq, bu sahədə texniki xidmətin mövcud vəziyyətindən danışıb, yeni texniki xidmət strategiyasının işlənilməsi zərurəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, texnologiyaların sürətli inkişafı istehsalatda əməliyyat xərclərinin yüksəlməsinə səbəb olduğundan mövcud avadanlıq və qurğuların istifadə müddətinin və səmərəliliyinin artırılması aktual vəzifələrdəndir və bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Birliyinin baş direktorunun müavini Cəlair Səmədov çıxışında texniki vasitələrin təhlükəsiz istismar edilməsi, səmərəlilik və etibarlılığının artırılması, təmir hallarının azaldılmasında texniki xidmətin rolundan danışmış, qeyd etmişdir ki, yeni texnologiyaların tətbiqi ilə əlaqədar xidmət əməkdaşlarının bilik və bacarığı yüksəldilməlidir. Müasir texniki xidmət qruplarının təmir və vaxtaşırı texniki baxış keçirməklə bərabər, yeni əməliyyat proseslərini, iş üsullarını, xüsusi kompüter proqramlarını və digər qabaqcıl beynəlxalq təcrübəni mənimsəmələri günün tələbi kimi qarşıya çıxıb. Eyni zamanda, göstərilən xidmətlərin öncədən planlaşdırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi müasir texniki xidmət strategiyalarına xas olan əsas cəhətdir. Qeyd olunmuşdur ki, yeni strategiyanın işlənilməsində bu məsələlərə xüsusi diqqət yetirilməlidir. Çıxışlarda iş prosedurlarının, dəyişikliklərin, material və ehtiyat hissələrinin idarə edilməsi, kompüterləşdirilmiş idarəetmə sistemi və səmərəliliyin əsas göstəricilərinin hesablanması məsələlərinə toxunulub, bildirilib ki, podratçı təşkilatların istehsalat proseslərinin avto-matlaşdırılması işlərinə cəlb olunmasında müvafiq sertifikatlarının, maddi-texniki cəhətdən müasir sınaq qurğuları ilə, alətlərlə, cihazlarla təchiz olunmuş istehsalat bazalarının, mütəxəssis kadrlarının, analoji obyektlərdə iş təcrübələrinin olmaları nəzərə alınmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB