Tikinti-inşaat materiallarını, idxal olunan ərzaq məhsullarını və mebeli sertifikatlaşdıracaq orqanların adı açıqlanıb

Tikinti-inşaat materiallarını, idxal olunan ərzaq məhsullarını və mebeli sertifikatlaşdıracaq orqanların adı açıqlanıb
Azərbaycanda tikinti və inşaat materiallarının, idxal olunan ərzaq məhsullarının və mebelin sertifikatlaşdırılması üzrə orqanlar akkreditasiya olunub.


Keyfiyyəti idarəetmə sistemləri üzrə iki orqanın fəaliyyəti razılaşdırılıb.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, "Azsertservis" MMC tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqan kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Orqanın əsas məqsədi istehsal və idxal edilən tikinti və inşaat materiallarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan malları sertifikatlaşdırmaqdır.


Bundan başqa, "İnterstandartservis" MMC mebel üzrə sertifikatlaşdırma orqanı kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Müəssisənin əsas məqsədi istehsal və idxal edilən mebel məhsullarının və mebel məhsulları üçün yarımfabrikat məmulatlarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan məhsulları sertifikatlaşdırmaqdır.


"Sertifikat Servis" MMC isə idxal olunan ərzaq məhsullarının sertifikatlaşdırma orqanı kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Təşkilatın əsas məqsədi idxal olunan ərzaq məhsullarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan məhsulları sertifikatlaşdırmaqdır.


Hər üç orqan öz fəaliyyətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin normativ sənədlərini rəhbər tutur və onlar tərəfindən verilən uyğunluq sertifikatlarının dövlət reyestrində qeydiyyatını Dövlət Komitəsi aparır.


Komitənin qərarı ilə daha 2 sertifikatlaşdırma orqanının Azərbaycan ərazisindəki fəaliyyəti razılaşdırılıb. Bunlar "Russkiy Reqistr-Azərbaycan" MMC-nin idarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı və Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня