Azərbaycan-Alman İqtisadi Forumu keçirilir

Azərbaycan-Alman İqtisadi Forumu keçirilir

Bu gün Bakıda 12-ci Azərbaycan-Alman İqtisadi Forumu keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Almaniya Federativ Respublikasının İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi xanım Marqarit Steffelin, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri Samir Vəliyev, Azərbaycan Sənaye Energetika Nazirliyinin aparat rəhbəri Rasim Məmmədov,Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun(AZPROMO) prezidenti Adil Məmmədov, Alman-Azərbaycan İqtisadi Yardım Birliyinin (DAWF) icraçı direktoru Florian Şröder, DAWF-ın İdarə heyətinin sədri Dr.Marco Qraff və digər rəsmi şəxslər iştirak ediblər.

Dr.Marco Qraff tədbirin mahiyyətinin əhəmiyyətliliyindən danışıb. O, bildirib ki, belə konfranslar iki ölkə arasındakı əlaqələrin inkişafına xüsusi töhfə verəcək.

Daha sonra Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri Samir Vəliyev də bu tədbirin mahiyyətindən danışaraq vurğulayıb: "Əminəm ki, keçirilən biznes forum iki ölkənin iş adamlarının qarşılıqlı əlaqəsinə münbit şərait yaradacaq. Bu gün Azərbaycan xarici siyasətinin mühüm aspektlərindən biri Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı genişləndirmək və Avropaya inteqrasiyanı dərinləşdirməkdir. Bu bizim qarşımızda duran prioritet məsələlərdən biridir. Təbii ki, Aİ-nın ən qüdrətli ölkəsi olan Almaniya ilə əməkdaşlıq xüsusilə önəmlidir. Bunun əsasında isə iki ölkə arasındakı xoş münasibətlər durur. Prezident cənab İlham Əliyevin keçən ilki Almaniya səfəri və kansler Angela Merkerlə görüşü və imzalanan 29 sənəd iki ölkə arasında iqtisadi əməkdaşlığa münbit zəmin yaradır". Bundan əlavə S.Vəliyev iki ölkə arasında imzalanan protokolları nəzərə çatdıraraq, görülən işlər barəsində danışıb. "Azərbaycanla Almaniya bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı, sənaye, səhiyyə, bank sahəsi, təhsil və digər sahələrdə əməkdaşlıq edir. Bundan başqa biznesin idarə olunması sahəsində 60-dan çox azərbaycanlı Almaniyada təcrübə keçib. Ümumiyyətlə, Azərbaycanda texniki əməkdaşlıq çərçivəsində layihələrin həyata keçməsi üçün Almaniya Azərbaycana 44 mln. avro vəsait ayırıb".

Daha sonra S.Vəliyev iki ölkə arasındakı maliyyə əməkdaşlığının 1994-cü ildən başladığını və həmin ilədən bu yana Almaniyanın Azərbaycana 372 mln. avrodan çox vəsait yatırdığını diqqətə çatdırıb. Bu vəsait isə enerji, su, bank sisteminin inkişafına yönəldilib. "Almaniya ilə Azərbaycan arasındakı mühüm əməkdaşlıq sahəsi ticarətdir. Təkcə onu qeyd edə bilərəm ki, 2011-ci ilin yanvar ayından bu yana iki ölkə arasındakı ticarət dövriyyəsi 600 mln dollar olub. Bu keçən ilin göstəricisi ilə müqayisədə 68% artım deməkdir. Bundan əlavə Almaniyanın bir çox şirkətləri Azərbaycanda qeyri-neft sektoruna 200 mln dollardan çox vəsait yatırmışlar. Lakin onu da qeyd edək ki, bu rəqəmlər iki ölkənin iqtisadi imkanları ilə müqayisədə çox azdır və inanırıqı ki, əməkdaşılığımız daha da genişlənəcək".

Daha sonra tədbirdə iştirak edənlər ikitərəfli əməkdaşlığın genişləndirmək barəsində fikir mübadiləsi aparıb.

\"\"


\"\"


\"\"


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə