Xaçmazda \"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" adlı tədbiri keçirilib
İyunun 24-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu \"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" mövzusunda növbəti tədbirini Xaçmaz rayonunda keçirib. SİA-nın nazirliyin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.
Tədbirdən əvvəl Xaçmaz rayonunda əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştlikreditləri hesabına maliyyələşdirilmiş \"Agrim Asiya\" MMC-nin inşa etdirdiyi illik gücü 2 min ton tərəvəz məhsulları istehsalı olan müasir istixana kompleksində və ildə 485 ton quru meyvə istehsal etmək gücünə malik olan meyvə emalı müəssisəsində aparılan tikinti işlərinə baxış keçirilib.
Sonra öz işinə başlayan \"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilib, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanılıb.
Tədbirdə Xaçmaz rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 4 istiqamət üzrə - intensiv bağçılıq və ya tingçilik təsərrüfatlarının yaradılması, yeni texnologiyaların tətbiqi ilə ət kəsimi və emalı müəssisəsinin yaradılması, kiçik və ya orta həcmli müasir süd emalı müəssisəsinin yaradılması, taxıl məhsullarının təmizlənməsi və saxlanılması məqsədilə müasir anbar kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin, \"2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı\"nın uğurlu icrasının Xaçmaz rayonunun da sürətli inkişafına hərtərəfli imkan yaratdığını bildirilib. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Proqramının icrasına göstərdiyi diqqət, ölkə başçısının regionlara mütəmadi səfərləri və müvafiq tapşırıqları, regionların tarazlı inkişafının təmin edilməsində və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynayıb.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov dövlət başçısının rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu qeyd etmişdir. Bildirilmişdir ki, görülmüş işlər nəticəsində özəl bölmənin ÜDM-də payı 80%-i ötmüşdür. \"Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası\" haqqında əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, kənd təsərrüfatı və yeyinti sənayesində bir sıra mal və avadanlıqların idxalda ƏDV-dən və gömrük rüsumundan azad olunması barədə Nazirlər Kabinetinin qərarı ölkədə investisiya mühitinin daha da yaxşılaşması, qeyri-neft ixracının genişlənməsində xüsusi əhəmiyyətə malikdir.
İqtisadi İnkişaf Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində regionda görülmüş işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Quba-Xaçmaz iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilib ki, 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 779 investisiya layihəsinin maliyyələşdirilməsinə 66,2 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 43 böyük və iri həcmli investisiya layihəsinin (6 müasir çörək istehsalı müəssisəsinin, 10 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 5 müasir istixana kompleksinin, 2 süd məhsullarının emalı müəssisəsinin, 5 quşçuluq təsərrüfatının, 2 ət emalı (kəsim sexi, meyvə-tərəvəz emalı, bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, parça istehsalı, tikinti materiallarının istehsalı, 3 kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması və turizm infrastrukturunun inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 57 milyon manat və 736 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 9,2 milyon manat güzəştli kredit vermişdir. Bu kreditlər hesabına 3301 yeni iş yerinin yaradılacağı nəzərdə tutulub. Şirzad Abdullayev 2011-ci ildə Quba-Xaçmaz iqtisadi rayonu üzrə Fondun güzəştli kreditlərinin veriləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırılıb.
Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Xaçmaz rayonunda və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 440 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirdə yerli icra hakimiyyəti nümayəndələri və iş adamlarının iştirakı ilə Xaçmaz rayonunda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılıb.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
\"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB