“COP29-a ev sahibliyi ölkəmizə olan güvənin göstəricisidir” - MÜNASİBƏT BİLDİRİLDİ

“2023-cü il dekabrın 11-də keçirilmiş COP28-in plenar iclasında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edildi. COP29-un məqsədi iqlim dəyişikliyinin təsirini azaltmaqdır. Artıq dünyada karbon qazının miqdarının sənayeləşmədən əvvəlki dövrdə olduğu miqdara qaytarılması məsələsi aktualdır”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

O bildirib ki, COP29 iştirakçılar üçün yeni öhdəliklər götürmək, iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün yeni bir fürsətdir: “COP konfransına 5 regional qrup növbə ilə ev sahibliyi edir. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Bu qrupdan isə Azərbaycanın yekdilliklə seçilməsi ölkəmizə olan dəstəyin və güvənin göstəricisi idi. Bu uğur isə qısa zamanda əldə edilməyib. Belə ki, bu ölkə başçısı İlham Əliyevin yüksək diplomatik bacarığının, beynəlxalq nüfuzunun nəticəsi idi. Ermənistanın bütün səylərinə baxmayaraq, tədbirin Azərbaycanda keçirilməsinə razı olması da dövlətimizin diplomatik uğurlarından xəbər verir. Həmçinin Azərbaycanda dünyada qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib. Dövlət başçısının sərəncamına əsasən 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu da Azərbaycanın məsələyə verdiyi diqqətin mühüm göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə