"Yeni dövr iqtisadi islahatların keçirilməsi üçün əlamətdar olacaq" - KOMİTƏ SƏDRİ BİLDİRDİ

"Yeni dövr iqtisadi islahatların keçirilməsi üçün əlamətdar olacaq" - KOMİTƏ SƏDRİ BİLDİRDİ

"Azərbaycanın sürətli inkişafı, milli təhlükəsizliyimizin təmin edilməsi, ölkənin müdafiə qüdrətinin artırılması, sosial sahələrdə həyata keçirilən uğurlu islahatlar, beynəlxalq aləmdə qazanılan qələbələr əlbəttə ki, ölkənin iqtisadi inkişafı ilə sıx əlaqədardır. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 20 ildə iqtisadi hədəfləri düzgün müəyyən etməsi, bilavasitə xalqın sosial rifah halının yüksəldilməsinə göstərdiyi qayğı nəticəsində Azərbaycan dünyanın inkişaf edən dövlətlərindən birinə çevrilib. Əlbəttə ki, iqtisadi nailiyyətlər əldə olunmasa idi, bu gün düşmən üzərində tarixi qələbəmizdən, insanların rifah halının yaxşılaşmasından və görülən uğurlu işlərdən danışmaq mümkün olmazdı. Bu məsələlər cənab İlham Əliyevin andiçmə mərasimində bir daha gündəmə gətirilib. Ölkə rəhbəri çıxışının əvvəlində qeyd edib ki, bu 20 ildə çətin günlər yaşasaq da, birliyimiz sayəsində uğurlara nail olmuşuq. Sözsüz ki, bu uğurların önündə iqtisadi inkişaf, sosial rifah, ordumuzun möhkəmləndirilməsi durur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, dövlət başçısı öz çıxışında ilk olaraq diqqəti düşmən üzərində tarixi qələbəyə yönəldib: "Sözsüz ki, bunu təbii hesab etmək olar. Çünki bu qələbə bizim unudulmaz tariximiz, ağrılı-acılı günlərimizin Zəfəridir. Bu qələbə məhz iqtisadi amillərlə mümkün olub. Çünki Azərbaycan iqtisadiyyatı son illərdə dörd dəfəyə yaxın artmasaydı, ölkədə regionların sosial-iqtisadi inkişafı sayəsində çox mühüm dövlət proqramları həyata keçirilməsəydi, tarixi qələbələrimiz mümkün olmazdı. Cənab Prezident bütün bu sahələrə diqqəti cəlb etməklə həm də yeni dövrün başladığını bildirdi. Şübhəsiz ki, yeni dövr yeni islahatların həyata keçirilməsi ilə əlamətdar olacaq".

Deputat sözlərinə davam edərək bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatı inkişafdadır və bu inkişaf üçün əldə olan bütün imkanlardan səmərəli istifadə edilir: "Azərbaycanın valyuta ehtiyatları xeyli artmış, ixrac potensialı yüksəlmiş, iqtisadi islahatların uğurla həyata keçirilməsinə təkan vermişdir. İstər gömrük, istər vergi orqanları, istərsə də digər müvafiq orqanlar iqtisadi nəticələrin əldə edilməsi üçün öz təkliflərini verir və yeni islahat paketləri hazırlanır. Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanın bundan sonra da inkişaf edəcəyinə, insanların yaşayış şəraitinin daha yaxşı olacağına öz inamını ifadə etməklə bərabər, islahatların ardıcıl və səmərəli həyata keçirilməsinə diqqəti yönəldib. Təbii ki, Azərbaycan xalqı bu vəzifələrin həyata keçirilməsi üçün səfərbər olmalıdır. Düşünürəm ki, tarixi qələbəmizin qazanılmasında olduğu kimi, yeni dövrün vəzifələrinin həyata keçirilməsi uğrunda da xalqımız yumruq halında birləşəcək. Ölkə rəhbərinin başçılığı ilə Azərbaycan iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Çünki hədəflər aydındır, yol uğurludur və bu yolda hər bir vətəndaş öz səyini qoymalı, əlindən gələni əsirgəməməlidir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə