Füzulidə yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib - FOTO/VİDEO

Füzulidə yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib - FOTO/VİDEO

İşğaldan azad olunmuş torpaqlarda bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədlə “SOCAR Petroleum” QSC tərəfindən növbəti yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib. SİA-nın “SOCAR Petroleum”a istinadən verdiyi məlumata görə, SOCAR brendli modul tipli YDS Füzuli şəhərində yerləşir.

Yanacaqdoldurma stansiyası Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün əlverişlidir. Bu yol Beyləqan və Füzuli rayonlarının ərazisindən keçir.

“Aİ-92”, “Aİ-95” “Premium” və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.

Artıq Qarabağ və Şərqi Zəngəzurda - Füzuli, Şuşa, Ağdam, Laçın, Xankəndi şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında fəaliyyət göstərən SOCAR brendli YDS-lərin sayı 9-a, ümumilikdə isə ölkə ərazisində 59-a çatdırılıb.

“SOCAR Petroleum” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə ərazisində müasir standartlara cavab verən YDS-lərin sayının bundan sonra da artırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə