"Ehtiyac olarsa, müxtəlif istiqamətlərə əlavə vəsaitin ayrılması mümkündür" - ŞƏRH EDİLDİ

"2024-cü ilin dövlət büdcəsi həmişə olduğu kimi perspektiv və cari məsələlərin həllinə yönəlib. Büdcədə bu gün Azərbaycan əhalisinin sosial məsələlərinin həlli üçün çox böyük paket nəzərdə tutulub. Büdcənin 43%-i sosial məsələlərin həllinə yönəldilib. Eyni zamanda, prioritet məsələ kimi Silahlı Qüvvələrin möhkəmləndirilməsi, işğaldan azad olunan zonaların minalardan təmizlənməsi, kommunikasiyaların salınması, yaşayış məntəqələrinin inşa edilməsi və keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması məsələsi durur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan zonalarda problemlərin həlli üçün gələn il büdcədən 4 milyard manata qədər vəsait nəzərdə tutulub: "İndiyədək isə bu məsələ üçün təqribən 12 milyard manata qədər vəsait yönəldilib. Həmçinin, gələn ilin büdcəsində ilk dəfə olaraq uzun müddət separatçı rejimin nəzarəti altında olan şəhər və qəsəbələrin fəaliyyətinin canlandırılması üçün 50 milyon manata qədər vəsait ayrılıb. Əlbəttə ki, bu ilkin rəqəmdir. Əgər ehtiyac olarsa, gələcəkdə bu istiqamətə yeni vəsaitlərin əlavə edilməsi mümkündür. Hesab edirəm ki, gələn il üçün əsas məsələlərdən biri də Azərbaycanın milli valyutası olan manatın dünyanın aparıcı valyutalarına nisbətdə stabil qalması və bununla da insanların sosial vəziyyətinin dayanıqlılığının təmin edilməsidir".

Deputat sözlərinə davam edərək bildirib ki, dövlət büdcəsində regionların sosial-iqtisadi inkişafı məsələsi də ciddi surətdə nəzərə alınır: "İldən-ilə dövlət büdcəsindən maliyyələşən şəhər və rayonların sayı azalır. Gələn il üçün cəmisi 7 rayon dövlət büdcəsindən öz payını alacaq. Qalanlar isə yerli vergi yığma hesabına öz şəhər problemlərini həll edəcək. Bunun özü də regionlarda həyatın canlandığını göstərir. Əgər gələcəkdə ehtiyac olarsa, əlbəttə ki, ayrı-ayrı istiqamətlərə vəsaitin artırılması tamamilə mümkün məsələdir. Əvvəlki illərdə bu praktika həyata keçirilib".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə