Kafe və restoranlarda alınan xidmət haqqı kimə çatır? - ŞƏRH EDİLDİ

Kafe və restoranlarda alınan xidmət haqqı kimə çatır? - ŞƏRH EDİLDİ

“Restoran və kafelərdə xidmət haqqı ilə bağlı əldə olunan gəlirlər bilavasitə restoran və kafenin özünə məxsusdur. Orda xidmət göstərən, çalışanlarla hər hansı xüsusi bir razılaşma olmadığı müddət ərzində də bu təbii olaraq kafe və restoranların gəlirinə daxil olur. Eyni zamanda əldə edilən gəlirin nəyə, hansı formada xərclənməsi də restoranın öz funksionallığına qalan bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, xidmət haqqının istənilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir qadağa yoxdur: “Bu prosesi bazar tənzimləyir. Hansısa restoranda xidmət haqqı yüksək olduqda müştərilər üz döndərir. Əgər bunun əksi olursa, müştərilər yüksək xidmət haqqına rəğmən restorana gedirlərsə, bu da onların prosesdən məmnun olduqlarının göstəricisidir. Lakin təqdim edilən menyuda hər hansı xidmət haqqı qeyd edilmədiyi təqdirdə, bu artıq qanunvericiliyin tələblərinin pozulması hesab edilir. Amma müştəriyə təqdim olunan menyuda xidmət haqqı göstərilib və müştəri də qəbul edibsə, bu zaman sözsüz şəkildə ödənişlər edilməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə