"Su agentliyinin yaradılması optimal idarəçiliyi təmin edəcək" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Su məsələləri ilə bağlı fəaliyyət göstərən qurumların üfüqi və şaquli məsuliyyətinin bölüşdürülməsində ciddi problemlər var idi. Bildiyiniz kimi su ehtiyatlarının tənzimlənməsi ilə bağlı külli miqdarda dövlət qurumu var idi. Bu qərarın verilməsi optimal idarəçiliyi təmin etməyə kömək edəcək. Lakin bəzi qurumlar bu birləşmədən kənarda qaldığı üçün narazılıqlar ola bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, su ehtiyatlarının idarə olunması ilə bağlı birbaşa və dolayısı yolla fəaliyyət göstərən bütün qurumlar birləşdirilməlidir: "Bu həm sərf olunan dövlət vəsaitini nəzarət altında saxlanılmasına, həm də dövlət büdcəsinin yükünün azaldılmasına gətirib çıxaracaqdı. Zamanla özünü necə doğruldacağını müşahidə edəcəyik. Ümumilikdə götürdükdə bəzi qurumlar birləşmədən kənarda qalsalar belə bu məsələyə optimal baxıram. Bir məsələni də qeyd etmək istəyirəm ki, dünyada ən çox məmur sayına malik olan dövlətlər içində Azərbaycan ön sıralardadır. Ümumiyyətlə Azərbaycanda aktiv əmək qabiliyyətli əhalinin 55-60%-i dövlət qurumlarında çalışır. Bu qurumlardan da bir çoxu bir-birini təkrarlayan, bu və ya digər formada eyni funksiyanı həyata keçirən qurumlardır. Onlardan da biri su təsərrüfatını həyata keçirən qurumlar idi".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə