Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında ədəbiyyatşünas, ictimai xadim, xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş "Ədəbiyyatımızın müsəlləh əsgəri" adlı tədbir keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə əməkdar incəsənət xadimi, aktyor, rejissor Əbdül Mahmudov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı, filologiya üzrə fəlsəfə doktoru Gülzar İbrahim qızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Zaməddin Ziyadoğlu, Səməd Vurğunun ev-muzeyinin fond müdiri Xanım Şadlinskaya, şairə Zərəngiz Qayalı, tədqiqatçı, publisist Şəmistan Nəzərli, "Səda" Tədris Teatrının direktoru Mirələsgər Aslanov və başqaları iştirak ediblər.
Çıxışlarda həmişəyaşar şair Səməd Vurğunun xalqın oxuyan qəlbi, "Odlar yurdu"nun nəğməkarı olduğu qeyd edilib.
Ədəbi-bədii gecədə şairin həyat və yaradıcılığını əks etdirən video-çarx, "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş "Yeddi oğul istərəm" filmindən fraqmentlər və "Ədəbiyyatımızın müsəlləh əsgəri" adlı geniş kitab sərgisi nümayiş olunub, sözlərinə bəstələnmiş musiqilər səsləndirilib.
Qeyd edək ki, Səməd Vurğunun Azərbaycan ədəbiyyatının qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. O, "Fənər", "Könül dəftəri", "Şeirlər" adlı kitabları və yeni ruhlu şeirləri ilə Azərbaycan poeziyasına, dramaturgiyasına əlvanlıq, zənginlik gətirib.
1956-cı ildə şairin yubileyinin keçirilməsinə hazırlıq çərçivəsində "Azərbaycanın Xalq Şairi" fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB