“Ordumuz qürur mənbəyimizdir” FOTO

Balakən Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə rayon Mədəniyyət Mərkəzində son günlər cəbhədə baş verən hadisələrlə bağlı "Ordumuz qürur mənbəyimizdir" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə rayonda fəaliyyət göstərən bütün mədəni-maarif müəssisələrinin işçiləri iştirak ediblər. Əvvəlcə ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Balakən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ş. Hacıyeva xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək əsgərlərimizin cəbhə xəttində erməni işğalçılarına layiqli cavab verdikləri haqda söz açıb. Gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hislərinin daha da artırılması, ordu hissələrində xidmət göstərən əsgər və zabitlərə ruh yüksəkliyinin və qələbəyə inam hislərinin aşılanması sahəsində mədəni-maarif müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsinin olduqca vacib olduğunu vurğulayıb. Həmçinin o, qeyd edib ki, bu istiqamətdə maarifləndirmə tadbirlərini yalnız rəsm, mahnı və bədii qraət müsabiqələri ilə kifayətlənməklə olmaz, torpağlarımızın azadlığı və bütövlüyü uğrunda vuruşan qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş dəyirmi masalar, görüşlər sıx-sıx keçirilməli, vətənpərvərlik mövzusunda dəyərli əsərlər yaradan yazıçı və şairlərin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, kitab müzakirələrinə geniş yer verilməsi günün vacib tələblərindəndir. Bununla yanaşı hər bir müəssisədə Vətən yolunda şəhid olmuş həmyerlilərimizin fotoşəkillərindən ibarət sərgi və stendlər təşkil olunmalı və şəhid ailələri ilə görüşərək onlara ruh yüksəkliyi və dəstək vermək hər birimizin vətəndaşlıq borcudur.

Daha sonra tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev, şairə-publisist Tahirə Sultan, mədəniyyət işçisi, əsgər anası Tərlan Əliyeva, tarix-diyarşünaslıq muzeyinin elmi işçisi Etibar Çompuzov, Vətən torpağın müqəddəs nemət olmasından, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu, ordumuzun gücünün və döyüş əzminin yenilməzliyi haqqında ətraflı çıxış etdilər. Gənc mədəniyyət işçilərindən–şəhər 1 saylı klubunun müdüri Turan Musayev, H.Əliyev Mərkəzinin elmi işçisi Taleh Şahverdiyev Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını və lazım gələrsə torpaq uğrunda son damla qanına qədər vuruşacaqlarını bildiriblər.

Tədbir mədəniyyət işçiləri tərəfindən hazırlanmış hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə başa çatıb. Bədii hissədə Katex kənd folklor evinin hazırladığı səhnəcik nümayiş etdirilib. Turan Musayevin gitarada müşayət ilə "Cənab letenant" mahnısı, Arzu Ocaxverdiyevin ifasında Məmməd Arazın "Ayağa dur, Azərbaycan!" şeri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...