Əbülfəs Qarayev İSESCO-nun toplantısında çıxış edib

Əbülfəs Qarayev İSESCO-nun toplantısında çıxış edib

Xəbər verdiyimiz kimi bu gün Oman Sultanlığının paytaxtı Maskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın birinci günündə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 23-27 noyabr 2015-ci il tarixində Bakıda keçiriləcək İSESCO İcraiyyə Şurasının İclası və 12-ci Baş Konfransı haqqında geniş məlumat verib, həmçinin tədbir iştirakçılarını Bakıya dəvət edib. Daha sonra son illərdə İslam ölkələri ilə əməkdaşlıq edən beynəlxalq təşkilatların Azərbaycanın paytaxtında çoxsaylı tədbirlərinin keçirilməsini xatırladan nazir 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə təməli qoyulan "Bakı Prosesi" və bu il artıq 3-cü dəfə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tolerantlığa və multikulturalizmə xidmət etməsi barədə geniş nitq söyləyib. Qeyd edib ki, Azərbaycan tolerant ölkə nümunəsini dünyaya çox düzgün formada əyani şəkildə göstərməkdədir. Nazir çıxışının sonunda 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları haqqında da geniş məlumat verib.

Nazir tədbirdə Qarabağ ərazisində erməni işğalçıları tərəfindən İslam irsinin dağıdılması və məhv edilməsi barədə məsələ qaldırmış, bu məsələdə İslam dünyasının öz mövqeyini nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. Məlumat üçün bildiririk ki, tədbirin növbəti günündə Nazir Əbülfəs Qarayevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı 04 noyabr 2015-ci il tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə