1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. SİA-nın məlumatına görə, bu əlamətdar gün ümummilli lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə təsis olunub. Ulu öndər respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan dilinə, onun inkişafına, zənginləşməsinə böyük diqqət göstərib. Məhz onun qətiyyəti, prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyasında Azərbaycanda dövlət dilinin yüksək statusu bir daha təsbit olunub.

Ümummilli lider müstəqil Azərbaycana rəhbərliyə başladığı dövrdən əlifba islahatına, latın qrafikalı Azərbaycan əlifbasına keçidin təmin edilməsinə xüsusi önəm vermişdir. Latın qrafikasına keçid barədə qərar hələ 1991-ci ilin dekabrında qəbul edilsə də, bu proses ləng gedirdi. Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli 506 nömrəli fərmanı bu prosesin başa çatdırılması üçün tarixi addım olub. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən Azərbaycan ərazisində bütün idarə, müəssisə və təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Ulu öndərin 2001-ci il 9 avqust tarixli 552 saylı fərmanı ilə 1 avqust "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" elan edilib. 2003-cü ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qüvvəyə mindi.

Ümummilli liderin dövlət dilinin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Təsadüfi deyil ki, cənab İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqında sərəncam olub.

Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsi və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsi kimi mühüm məsələlər əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə