Uşaq İncəsənət Festivalında iştirak etmək üçün mindən çox uşaq qeydiyyatdan keçib - FOTOLAR
Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalında iştirak etmək üçün Şirvan-Salyan regionunda da məşğələlər davam etdirilir. SİA xəbər verir ki, idarəyə tabe olan mədəniyyət müəssisələrinin əməkdaşları festivalla bağlı orta məktəblərdə müxtəlif görüşlər keçirirlər. Həmçinin Şirvan şəhəri, Salyan, Biləsuvar, Neftçala və Hacıqabul rayonlarında festivala qatılmaq üçün qeydiyyat qərargahları yaradılıb. Bu qərargahlar əsasən Heydər Əliyev mərkəzlərində, dövlət rəsm qalereyalarında, uşaq incəsənət və musiqi məktəblərində fəaliyyət göstərir. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə tabe olan mədəniyyət müəssisələrindən müxtəlif yaş qrupları üzrə 1000 nəfərdən çox uşaq və 7 xor, 4 rəqs kollektivi festivala qatılmaq üçün qeydiyyatdan keçib. Qeydiyyat prosesi martın 31-dək davam edəcək. Qeydiyyatdan keçənlər piano ifaçılığı, qarmon ifaçılığı, akademik vokal, xanəndəlik sənəti, xor, rəssamlıq və digər nominasiyalarda özlərini sınayacaqlar.
Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların vətənpərvərlik, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərilməsidir. Həmçinin festivalın keçirilməsinin əsas vəzifələri uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli təşkili və bədii-estetik zövqünün tərbiyə edilməsi, yeni istedadların üzə çıxarılması, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının
təmin edilməsi, xüsusi bacarığa malik uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə