Sabit Rəhmanın yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb
Görkəmli dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi, Azərbaycan komediyasının banilərindən biri Sabit Rəhmanın 115 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sabit Rəhman - 115” adlı elektron məlumat bazası və eyniadlı virtual kitab sərgisi hazırlanıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, kitabxanadan bildiriblər ki, bazada Sabit Rəhmanın həyat və yaradıcılığı haqqında geniş məlumat, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Düşündürən komediyalar müəllifi” adlı məqaləsinin tam mətni təqdim edilir. Özündə Azərbaycan və rus dillərində məlumatları cəmləşdirən bazada görkəmli dramaturqun müəllifi olduğu əsərlərin, romanların, povest, oçerk, hekayə və məqalələrin siyahıları, tərcümələri, sözlərinə yazılmış notlar, librettolar, haqqında yazılan avtoreferatlar yer alır.
Elektron bazada “Filmoqrafiya”, “İzonəşrlər”, “Foto və videoqaleraya” ilə yanaşı, Sabit Rəhmanın ədəbi fəaliyyətinə həsr edilən virtual kitab sərgisi də təqdim olunur. Materiallarda dramaturqun gənclik illəri, ədəbi fəaliyyəti haqqında geniş məlumat verilir, əsərlərinin motivləri əsasında ekranlaşdırılan kino və tamaşalardan fraqmentlər sərgilənir. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual kitab sərgisində Sabit Rəhmanın müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların qısa annotasiyası nümayiş etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə