Novruz milli dəyərlərimizin ruhudur və hər bir naxışda, hər bir rəngdə yaşayır

İstanbulda Azərbaycan Rəssamlar İttifaqının üzvü, ölkəmizin xalq yaradıcılığı üzrə mütəxəssisi Elnarə Rəsulovanın “İstanbulda Novruz naxışları” mövzusunda bir neçə fərdi sərgisi açılıb. Sərgilər Novruz Bayramı tədbirləri çərçivəsində şəhərin müxtəlif mədəniyyət mərkəzlərində və ali təhsil müəssisələrində təşkil edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bununla bağlı müsahibə verən Elnarə Rəsulova bu il Novruz bayramını İstanbulda keçirməyin onda xoş təəssüratlar yaratmaqla yanaşı, həm də hafizənin dirçəlişi, tarixdən gələn birlik ruhunun çıxdığı yeni yol kimi yadda qaldığını deyib.

Bu sərgilərdə Azərbaycan mədəniyyətini, xalqımızın qədim xalçaçılıq sənətini və tarixi Novruz fəlsəfəsini sənətsevərlərlə bölüşdüyünü ifadə edən sənətkar sözlərinə belə davam edib: “Bu tədbirlərin hər biri mənim üçün bir xatirəyə, məsuliyyətə və minnətdarlıq hissinə çevrildi. İlk sərgim İstanbulun Bahçeşehir Universitetində təşkil olunan və türkdilli xalqların milli dəyərlərinin təbliğ edildiyi “Türk dünyası Bahar şənliyi – Novruz xatirəsi” tədbirində açıldı və mən burada gənclərlə Novruz dəyərlərini bölüşmək fürsəti əldə etdim. Təbii ki, qədim tarixə malik mədəniyyətimizin gələcəyə ötürülməsi üçün uşaqlarımız və gənclərimizin bunu öyrənməsi çox vacibdir. Sonra daha iki sərgim açıldı və bütün bu tədbirlərdə sənətsevərlərin əsərlərimə verdiyi dəyəri, göstərdikləri marağı görmək çox xoş idi. Xüsusilə gənclərin xalçaların üzərindəki naxışların mənaları ilə maraqlanması olduqca qürurverici və ruhlandırıcı oldu”.

Sərgilərdən biri artıq uzun illərdir Türkiyədə milli dəyərlərimizi layiqincə təbliğ edən və Elnarə Rəsulovanın da Azərbaycan üzrə rəsmi nümayəndəsi olduğu “Xarıbülbül Mədəniyyət Mərkəzi” ilə İstanbulun Çekmeköy Bələdiyyəsinin əməkdaşlığı nəticəsində açılıb. Burada müsahibimizin ideyası əsasında hazırlanan “Novruz naxışları” xalçası ilk dəfə geniş ictimaiyyətə təqdim edilib.

Ziyarətçilərin böyük maraqla yanaşdığı xalça haqqında danışan sənətkar deyib: “Baharın gəlişini, yenilənməni, bərəkəti və birliyi tərənnüm edən bu əsər bir fəslin ilmə-ilmə toxunmuş fəlsəfəsidir. Bu əsərimin hər ilməsində bir niyyət, hər rəngində bir duyğu, hər naxışında bir xalqın hekayəsi var. Mən sənətçiyəm və hər əsərə ruhumun dərinliklərindən baxıram. Fikrimcə, həm yaddaşı yaşatmaq, həm də Novruzu gələcək nəsillərə vizual dillə anlatmaq cəhdi kimi gördüyüm bu əsərin ruhunda Laçının dağlarının ətri, Qarabağın səsi, ailələrin süfrə başında birləşdiyi o doğma hissi var”.

Sərgidə Elnarə Rəsulovanın 30-a yaxın əsəri, o cümlədən sənətkarın ideya müəllifi olduğu, Novruz atributlarını özündə birləşdirən “Boxça” layihəsi də nümayiş etdirilib.

Bununla bağlı danışan müsahib deyib: “Boxça” layihəsi ilə biz, uşaqlıq xatirələrimizin bir parçası olan, nənələrimizin duası, niyyətləri, sevgiləri ilə bükdükləri boxçaları müasir yanaşma ilə dirçəltmək istədik. “Boxça”nın hər hissəsində Azərbaycanın “Novruz” mədəniyyətinin bir parçası var. Ümumiyyətlə, Novruz mənim üçün sadəcə bir bayram yox, xalçanın ilməsində, boxçanın bükümündə, səməninin yaşılında, tonqalın alovunda yaşayan bir ruhdur, milli dəyərlərimizə göstərdiyimiz hörmətin əlamətidir. Biz olduqca dərin milli dəyərlərinə sahib bir xalqıq. Bu dəyərlərimizin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi və dünyada tanıdılmasında iştirak etmək isə mənim üçün bir fəxr mənbəyidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə