Belçikanın paytaxtı Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi, “Fireland” Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyət gecəsi – Novruz bayramı” adlı tədbir keçirilib.
SİA xəbər verir ki, tədbir iştirakçılarına Azərbaycan mədəniyyəti, Novruz bayramının tarixi və ənənələri haqqında ətraflı məlumat verilib. Tədbirdə bir sıra Novruz adətləri qonaqlara əyani olaraq göstərilib. Şəkərburanın hazırlanması, yumurta boyanması, papaqatdı adətləri yerli ictimaiyyətin nümayəndələrinin böyük marağı ilə qarşılanıb. Bu ölkədə yaşayan Azərbaycan icmasının kiçik övladları da ənənəvi Novruz adətlərini seviblər.
Tədbirin bədii hissəsində Cavid Səlimov, Emin Sadıqlı, Sadıq Ağamalıyevin ifaları iştirakçıların zövqünü oxşayıb. “Fireland” və “Butam” uşaq rəqs ansambllarının təqdim etdiyi maraqlı səhnəciklər və rəqslər alqışlarla qarşılanıb. Həmçinin Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə “Fireland” qrupunun “Arşın mal alan” operettasından rəqs tədbir iştirakçılarında böyük maraq doğurub.
Niderlandda yaşayan ifaçımız Sadıq Ağamalıyev və onun musiqi qrupunun ifasında müxtəlif klassik və xalq mahnıları səsləndirilib. Tar və kamançada ifa olunan solo musiqilər tədbir iştirakçıları tərəfindən alqışlanıb.
Sonda tonqal ətrafında yallı və rəqslər tədbirə daha şən əhval-ruhiyyə qatıb. Tədbir iştirakçıları Azərbaycan mətbəxinə qonaq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə