Azərbaycanın və Qazaxıstanın Vyetnamdakı səfirliklərinin birgə təşkilatçılığı ilə Hanoy Ticarət və Turizm Kollecində Novruz şənliyi keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bayram şənliyində Vyetnamın dövlət və hökumət strukturlarının nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, səfirlər, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, Azərbaycanda təhsil almış vyetnamlılar, media nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Kollecin direktoru xanım Trin Ti Tu Ha rəhəbrlik etdiyi təhsil ocağında ardıcıl ikinci il Novruz şənliyinin təşkilinə görə məmnunluğunu vurğulayıb, bu tədbirlər sayəsində vyetnamlıların, eləcə də kollecin müəllim-tələbə kollektivinin Azərbaycan və Qazaxıstan mədəniyyəti, o cümlədən hər iki xalqın əziz bayramı olan Novruz haqqında məlumatlanması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan səfiri Şövqi Mehdizadə mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramının xalqımızın zəngin mənəviyyatını, geniş dünyagörüşünü təcəssüm etdirdiyini deyib. Diplomat bildirib ki, Azərbaycan xalqı əsrlərdir yazın gəlişininin, təbiətin oyanışının, əmin-amanlığın, həmrəyliyin simvolu olan Novruz bayramını xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılayır.
Qazaxıstanın Vyetnamdakı səfiri Kanat Tomyuş bayram təbriklərini çatdıraraq, bu tədbirin Azərbaycan, Qazaxıstan və Vyetnam arasında mədəni mübadiləni və ənənəvi dostluq münasibətlərini möhkəmləndirdiyini deyib.
Məraimdə Novruz tonqal çatılıb, qonaqlar yumurta döyüşdürüb.
Azərbaycanlı aşpaz, Dünya Barbekü Assosiasiyasının nümayəndəsi David İsrafilovun rəhbərliyi altında beynəlxalq aşpazlar qrupu Azərbaycan mətbəxinin ləziz nümunələrinin təqdimatını keçirib. Qonaqlar plov, dolma və kababların, habelə Novruz şirniyyatlarının dadına baxıblar.
Ötən əsrin 70-ci illərində o zamankı Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin tələbəsi və hazırda Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəal üzvü olan xanım Danq Lanq Anhın ifasında Xalq artisti Emin Ağalarovun repertuarından “Azərbaycan” mahnısı maraqla qarşılanıb. Bundan başqa, şənlikdə Azərbaycan, Qazaxısan və Vyetnam mahnıları səslənib, qonaqlar tonqal ətrafında Novruzun birliyini və ruhunu tərənnüm edən “Yallı” rəqsini ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə